Ucnoqta.az
www.ucnoqta.az

Hüquqşünasla dalaşan şirkət rəhbərinə bəraət verildi

13:34 - 28 Avqust 2023 tarixində dərc olunub.

Lerik və Astarada modul tipli məktəblərin tikintisi ilə məşğul olan “Vüqar 1970” MMC-nin rəhbəri Vüqar Zeynalovun məhkəməsi başa çatıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lerik Rayon Məhkəməsində keçirilən prosesdə V.Zeynalov Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Bildirilib ki, “Modenco” MMC Təhsil Nazirliyinin sifarişi ilə Astaranın Şəvqo, Xiçəsu və Lerik rayonunun Loda kəndində tikilən modul tipli məktəblərin inşasına V.Zeynalovun şirkətini cəlb edib. Lakin sonradan tərəflər arasında mübahisəli vəziyyət yaranıb və V.Zeynalova ödəniş tam edilməyib. Bundan sonra “Modenco” MMC qüsur aktı tərtib edərək ödənişlərin edilməməsini əsaslandırıb.

Hadisə isə “Modenco” MMC-nin hüquqşünası Ənvər Aslanovun bir qrup şəxslə Lerikin Loda kəndinə gedərək məktəbin açılışını etmək istəyərkən baş verib. Bu zaman kəndə dəvət etdiyi jurnalistlə birgə oraya gələn Vüqar Zeynalov ödənişin tam edilməməsinə görə (74 min manat) məktəbin qapısının açılmasına icazə verməyəcəyini bildirib və dava-dalaş düşüb. Onlar məktəbin qapısını sındıraraq içəri daxil olmağa çalışıblar. Bundan sonra hüquqşünas polisə müraciət edib və iş adamı barədə cinayət işi açılıb.

Lerik Rayon Məhkəməsi V.Zeynalovun əməlində cinayət tərkibinin olmamasını bildirərək ona bəraət verib.

Qeyd edək ki, Lerikin ucqar kəndlərindən olan Lodada inşa edilən modul tipli məktəbdə 9 şagird təhsil alır.

Müəllif: Ucnoqta.az redaksiyası