Xocalı soyqırımından 25 il keçir

00:01 - 26 Fevral 2017 - Xəbər

Xocalı soyqırımından 25 il keçir. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdi. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunaraq artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş tutuldu. Qısa müddət ərzində şəhərdə yanğın baş verdi. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur oldu. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçdı. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tuturdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldı. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.
Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirdi.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi. 

Xəbər xətti