Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində Azərbaycan gəncləri adından rus, ingilis, fransız, ərəb dillərində hazırlanmış Bəyannamə dünyanın müxtəlif ölkələrinin prezidentlərinə, nazirliklərinə, parlametlərə və beynəlxalq təşkilatlara göndərilir.
Bəyannamə 1300-dən çox ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Fransa, Barbados, Boliviya, Peru, Misir, İraq, Kamerun, Polşa, İtaliya, İslandiya, İsveçrə, Norveç, Makedoniya, Macarıstan, Andorra, Albaniya, Avstriya, Yunanıstan, Özbəkistan, Belçika, Portuqaliya, Beliz, Bəhreyin, İordaniya, Argentina, Boliviya, Kuba, Rusiya, Qırğızıstan və digər ölkələrinə, BMT-nin İqtisadi və Sosial Şurası, Avropa Şurası, Avropa Gənclər Fonduna, MDB-nin Gənclərlə iş Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə müşavirənin gənclər Şurası, Türk Şurası, Dünya Gənclər Assambleyası, Avropa Gənclər Forumu, Pan Afrika Gənclər Birliyi, Dünya Türk Gənclər Birliyi, İslam Konfransı Gənclər Forumu, Qara Dəniz Gənclər Şəbəkəsi ölkələrinə göndərilir.
Gənclər Bəyannamədə dünyanı sülh və insanlıq naminə erməni silahlı qüvvələrinin törətdiyi bəşər cəmiyyətinə qara hərflərlə yazılmış Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və haqq səslərinin zülmə, haqsızlığa və ədalətsizliyə qarşı birgə ucaldılması üçün səslənirlər. Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarımıza, müxtəlif hökumət orqanlarında, ictimai təşkilatlarda, beynəlxalq qurumlarda, kütləvi informasiya vasitələrində çalışan və fəaliyyət göstərən həmkarlarımıza və ədalətin pozulmasına qarşı çıxanlara müraciət edərək etiraz səsimizə səs verməyə çağırır. Hesab edirik ki, biz gənclərin səsi o fevral gecəsi səslənən səslərə qoşulacaq, hələ də girovluqda olan, lakin fiziki varlığı hər vəchlə gizlədilən ən azı bir kəsin bəlkə də azad olaraq insan kimi yaşamasına təkan verəcəkdir.
Qeyd edək ki, 24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkə başçısı Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etməsini qərara almışdır.
Bunu nəzərə alaraq, Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu və Milli Şura, 20-26 fevral 2017-ci il tarixlərini əhatə edəcək və Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək məqsədi ilə silsilə fəaliyyətlərə start verib. Fəaliyyətlərin məqsədi Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılmasını və gənclərin “Xocalıya Ədalət” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin etməkdir.
Fəaliyyətlər çərçivəsində #justiceforkhojaly və#khojalyonline həştəqləri vasiləsilə paylaşımlar edilir, saytda yerləşdirilmiş Facebook və e-poçt ünvanları üçün hazırlanmış örtük şəkilləri dəyişdirilir və elektron imzalardan istifadə edilir.
Kampaniyaya qoşulmaq və dəstək olmaq üçün khojaly.nayora.az saytına daxil olub, müvafiq onlayn fəaliyyətlərlə bağlı detallı məlumat ala və fəaliyyətlərə dəstək ola bilərsiniz.
Məlumat üçün bildirək ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.