Meksikada Xocalı soyqırımının 25-ci ildönümü anılıb

12:06 - 24 Fevral 2017 - Xəbər

Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake (Tlaxcoauqe) meydanında yerləşən “Xocalı soyqırımı” abidəsi qarşısında Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.SİA-ya səfirlikdən verilən məlumata görə, tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən Misir, Ukrayna, Liviya, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri səfirləri, Türkiyə, Gürcüstan, Qazaxıstan və Pakistanın yüksək vəzifəli diplomatları, Meksikada yaşayan Azərbaycan icması və yerli əhali iştirak edib.
Tədbir “Xocalı soyqırımı” abidəsi qarşısına əklil qoyma mərasimi ilə başlayıb. Bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin onların xatirəsinə Tlakskoake Kilsəsinin zəngi çalınıb.
Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxışında 26 fevral tarixində bütün dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı qətliamından 25 il keçdiyini qeyd edərək, həmin günün azərbaycanlıların qəlbində ən kədərli tarixlərdən biri olduğunu deyib. Həmin soyuq fevral gecəsində onlarla uşağın arzu və gələcəyinin vaxtsız qırıldığını, yüzlərlə günahsız insanın həyatına qəddarcasına son qoyulduğunu bildirib. Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığını deyən diplomat əlavə edib ki, bu ağlasığmaz dəhşətləri törədənlər ədalət qarşısında cavab verməlidir. O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir neçə il əvvəl başlanmış “Xocalıya Ədalət” beynəlxalq kampaniyası dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılmasında böyük işlər görüb. Xocalı qətliamı artıq bir neçə ölkə, o cümlədən Meksika, həmçinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
M.Talıbov Azərbaycanın qədim tolerantlıq ənənələri və sülhpərvərliyi ilə tanındığını, ölkəmizdə müxtəlif mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu sülh və əmin amanlıq şəraitində yaşadığını və bu gün buna dövlət rəhbərliyi, xüsusilə də Prezident İlham Əliyevin bilavasitə qayğı göstərdiyini vurğulayıb. Lakin bölgəmizdə sülhün bərqərar olması üçün ölkəmizə qarşı təcavüzün durdurulması, torpaqlarımızın işğalına son qoyulması və yüz minlərlə insanın öz doğma yurdlarına qayıtmalı olduğunu vurğulayıb. 
Bundan sonra çıxış edən Meksikada Azərbaycanlı icmasının fəal nümayəndəsi, Mexiko ştatı Simfonik Orkestrinin üzvü, Mexiko Milli Musiqi Konservatoriyası professoru Spartak Babayev bu ağrı dolu günlərin canlı şahidi olduğunu söyləyib. O, Azərbaycan xalqının Xocalı qətliamının qurbanlarına ədalət tələb etdiyini və buna bir gün nail olacağımıza inandığını bildirərək, bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləyən və yanımızda olan bütün dostlarımıza təşəkkürünü bildirib.

 
Bunun ardınca S.Babayev tanınmış Azərbaycan bəstəkarı Cövdət Hacıyevin əsərlərindən skripkada ifa edib.
Tədbirin sonunda iştirakçılara Xocalı qətliamı barədə kitab və disk, həmçinin 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan dinc əhalisinə qarşı törədilmiş silahlı təxribatların ağır nəticələri barədə məlumatlar paylanıb. 
Qeyd edək ki, 26 fevral tarixində Tlakskoake kilsəsində Bazar günü xidməti zamanı Xocalı qətliamı qurbanlarının xatirəsi yad ediləcək, dua oxunacaqdır.

Xəbər xətti