Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından rəsmi ziyafət verilib.
Ucnoqta.az xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident Peter Pelleqrininin çıxışı
- Cənab Prezident, əziz İlham.
Hökumət nümayəndələri, xanımlar və cənablar, əziz dostlar.
Cənab Prezident, bu gün Sizi mötəbər nümayəndə heyətinizlə birlikdə Bratislava qəsrində salamlamaq mənim üçün böyük şərəfdir.
Mənim Sizin ölkənizə bir neçə dəfə səfər etmək imkanım olub. Həmişə doğma ölkəmizə ölkəniz haqqında güclü təəssüratlarla qayıtmışam. Ölkəniz minillikər boyu özündə müdriklik, cəsarət və gözəlliyi əks etdirib. O, alov rəmzini təcəssüm etdirir. Bu, təkcə Abşeronun əbədi yanan alovu deyil. Bu, mehribanlıq, qətiyyət, mətanət və fəxarət alovudur. Sizin zəngin tarixiniz musiqidə yazılıb, lakin onu həm də Qobustan qayalarında görmək olar. Ötən il bu möhtəşəm yeri ziyarət etmək mənə nəsib oldu. Siz, cənab Prezident, ölkənizin gələcəyini ambisiya, innovasiya və inamla qurursunuz. Bratislavaya geri dönərkən mən də sizə yaxın olduğumuzu hiss etdim.
Coğrafi məsafənin bizi ayırdığına baxmayaraq, ilk baxışdan iki ölkə bir-birinə göründüyündən daha yaxındır. Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşuğunda yerləşmiş və bir-birindən uzaqda olan ölkələri tarixi ticarət yolları ilə birləşdirmişdir. Xalqınız digər millətlərə hörmət bəsləmək və dialoq qurmaq xüsusiyyəti ilə seçilir.
Slovakiya hazırda BMT və NATO-da dərin köklər salaraq tarixən güclər arasında toqquşmaların, rəqabətin şahidi olmuşdur və indi Avropanı Şərqlə birləşdirən regionda bir hab rolunu oynayır. Bütün hallarda biz dialoqun, diplomatiyanın, sülhün və beynəlxalq hüquqa hörmətin tərəfdarıyıq. Biz səmimi, açıqqəlbli, qonaqpərvər və ənənələri sevən bir xalqıq. Biz dostluğa, mehribanlığa və digər humanist keyfiyyətlərə hörmət göstərməyə sadiqik.
Ola bilsin məhz buna görə və həm də şəxsi təmaslarımız vasitəsilə illər boyunca qurduğumuz Slovakiya-Azərbaycan tərəfdaşlığı təbii bir tərəfdaşlıq kimi görünür və istənilən ab-havada daimi xarakter daşıyır. Biz həmişə sizin ərazi bütövlüyünüzə və münaqişənin davamlı, sülh yolu ilə həllinə dəstək göstərmişik. Avqustda imzalanmış razılaşma “sülhə nail olmaq mümkündür” kimi güclü mesaj verən böyük bir nailiyyətdir. Bu da dünyanın digər yerlərində bizlər üçün bir ilham mənbəyi olmalıdır. Enerji təchizatımız təhlükə altında olduqda biz Sizə müraciət edə bilərik.
Ötən il Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıqda biz münasibətlərimizə yeni enerji ilə təkan verdik. Sizin Bratislavaya ilk rəsmi səfəriniz bu münasibətlərin gücünü əks etdirir. Bu gün apardığımız müzakirələrin nəticələri onu göstərir ki, biz münasibətlərə diqqət yetirsək və onları daha da inkişaf etdirsək bunun bəhrəsini görərik. Biz bunu xüsusilə enerji, iqtisadiyyat və müdafiə sektorlarında görürük. Mübaliğəsiz deyə bilərəm ki, biz münasibətlərimizin yeni fəslinə qədəm qoyuruq. Biz bu sektorlarda əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar görürük və onlardan kənarda üzümüzə yeni fürsətlər açılır.
Ümidvaram ki, yeni imkanlar və əlaqələr, yeni iqtisadi imkanlar kəşf edə və turizm, mədəniyyət, yaxud idman sahəsində əməkdaşlıq vasitəsilə xalqlarımız arasında əlaqələr yarada bilərik.
Cənab Prezident, xanımlar və cənablar, biz etimad üzərində güclü, qarşılıqlı tərəfdaşlıq qurmuşuq.
Sağ olun.
x x x
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident, əziz qonaqlar.
İlk növbədə, cənab Prezident, Slovakiyaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Qonaqpərvərliyinizə və dostluğunuza görə minnətdaram. Biz uzun müddətdir ki, bir-birimizi tanıyırıq, dəfələrlə görüşmüşük. Lakin bu, xüsusi statusa malik rəsmi səfərdir. Səfər böyük hörmətə və rəğbətə layiq, həqiqi dost olan ölkəyə həyata keçirilir. Ölkələrimiz kifayət qədər bir-birindən uzaqda yerləşsə də, Siz xalqlarımız arasında oxşarlığı qeyd etdiniz. Bu fikirlərinizə tam şərik çıxıram.
Aramızda çox oxşarlıqlar mövcuddur. Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq. Biz sosialist blokun dövlətləri hesab edilən ölkələrdə yaşamışıq. Müstəqil deyildik. Müstəqilliyimizin çox məhdud hüdudları olub. Demək olar ki, eyni vaxtda - 1990-cı illərin əvvəllərində əsl müstəqil ölkələr olduq. O vaxt müstəqilliyi və bütün təsisatları, həmçinin gələcəyimizi sıfırdan qurmalı idik. İndi isə 30 ildən bir qədər artıq müddətdə Slovakiyanın əldə etdiyi tərəqqiyə nəzər salsaq görərik ki, həmin irəliləyiş xalqınızın güclü iradəsi, tarixiniz, mədəniyyətiniz və milli mənsubiyyətiniz sayəsində əldə olunub. Bu gün böyük təəssürat bağışlayan qədim Qəsrdə birgə olduğumuz zaman mən bir daha enerjili, müqavimətli və müstəqil siyasət yürütməkdə bacarıqlı olmağınızın mənbəyini gördüm.
Əsrlər boyu milli mənsubiyyətinizi qoruyub saxlaya bilmisiniz, baxmayaraq ki, bu, asan deyildi. Çox millətlər tarix boyu assimilyasiyaya uğrayıb. Bir çox millətlər dövləti qurmaq, dövlətçiliyi qoruyub saxlamaq bacarığını əldən buraxdılar. Lakin Siz bu vəzifənin öhdəsindən gəldiniz. Bu gün Slovakiya adambaşına düşən ümumi daxili məhsula, sənayenin inkişafına, insan kapitalına və yaşayış standartlarına görə aparıcı ölkələrdən biridir. Ölkəniz uğur qazanmaq, öz milli mənsubiyyətini, ləyaqətini qoruyub saxlamaq və dostluq qurmaq istəyən ölkələr üçün örnək ola bilər. Biz Azərbaycanda Slovakiyanı olduqca sülhsevər, dostluğu və imkanları yaradan, dostluğu dəyərləndirən ölkə kimi görürük. Bütün bunlar aramızdakı münasibəti əks etdirir.
Cənab Prezident, biz bu gün təsisat inkişafı səviyyəsinə yüksəlmiş əməkdaşlığın, faktiki olaraq, çərçivəsini Sizinlə birgə yaratdıq.
Siz ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni qeyd etdiniz. Həqiqətən biz münasibətləri mümkün qədər ən yüksək səviyyəyə qaldırdıq. Bu gün görüşlər və müzakirələr zamanı, eləcə də tarixi yerləri ziyarət edərkən biz nailiyyətləri bir daha gördük. Çox böyük potensialın şahidi olduq. Əldə olunmuş bu cür əməkdaşlıq daha güclü körpüləri salmaq imkanını yaradacaq, nəinki ikitərəfli gündəlik əsasında işləmək və işi davam etdirmək, o cümlədən qonşular üçün imkanları yaradacaq. Aramızda çox dayanıqlı bağlantılar qurulacaq. Energetika infrastrukturu artıq bizi bir-birimizə bağlayır.
Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək. Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm.
Mən, həmçinin Qarabağın yenidən qurulmasına verdiyiniz dəstəyə görə Sizə və Slovakiyadakı dostlarımıza minnətdaram. Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək. 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət kənd nailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəli hədəfidir. Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə bizə yardım edir.
Slovakiyadan aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır. Əfsuslar ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan minalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb. Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur.
Qonaqpərvərliyinizə görə bir daha minnətdaram.
13:30
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından rəsmi ziyafət verilib.
Ucnoqta.az xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.