“Humanitar Tədqiqatlar” İctimai Birliyi Tərtər rayonunda növbəti maarifləndirmə tədbiri keçirib.
Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Tərtər rayonundan olan 27 gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Svetlana Əzizova keçirilən tədbirin ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Tərtər rayonunun müharibə dövründə ətraf mühitə vurulan zərər baxımından da regionun ən çox zərər çəkən rayonlarından biri olduğunu qeyd edən S.Əzizova Ermənistan tərəfindən atılan kimyəvi silahların təbiətə də təsirsiz qalmadığını qeyd edib.
Daha sonra layihənin məqsədi ilə bağlı iştirakçılara məlumat verən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova bildirib ki, tədbir “Müharibədən zərər çəkmiş regionda gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması” layihəsi çərçivəsində keçirilir:
“Layihə Ağdam, Bərdə, Tərtər, Qazax və Tovuz rayonlarının ərazisini əhatə edir. 3 ay davam edəcək layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Bundan əvvəl Ağdam və Bərdə rayonunda ictimai müzakirə keçirilib. Müharibədən ən çox zərər çəkən rayonlarımızdan biri də Tərtər olduğu üçün bu gün Tərtərdəyik. Layihənin məqsədi müharibədən zərər çəkmiş regionda ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, həll yollarının tapılması, icma üzvü olan gənclərin ekoloji maarifləndirilməsi, qərar qəbuletmə prosesində iştirakının təmin olunması, ekoloji bərpa layihələrində fəal rol almasına dəstək verməklə ətraf mühitin mühafizəsinə nail olmaqdır. Layihə çərçivəsində region gənclərinin ekoloji bilgisinin artırılması ilə mövcud ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, icma iştirakçılığının gücləndirilməsi və onların ekoloji bərpa layihələrində fəal rol almasının təşviq edilməsi nəzərdə tutulur”.
Daha sonra layihənin eksperti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov müharibə zamanı ekologiyaya və ətraf mühitə dəyən zərərlə bağlı təqdimat edib. Təqdimat zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində ekologiyaya vurulan zərər konkret rəqəmlərlə və fotolarla iştirakçıların nəzərinə çatdırılıb. Vurulan zərərin aradan qaldırılması üçün icma iştirakçılığının rolu diqqətə çatdırılıb.
Daha sonra Tərtər rayonunda mövcüd ekoloji problemlər və onların həll yolları müzakirə edilib. Həmçinin tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən məhsulun istifadəsi zamanı yaşıl düşüncənin tətbiqi, plastik tullantıların ətraf mühitə vurduğu zərər, tullantıların çeşidlənməsi, idarə olunması ilə ətraf mühitin mühafizəsi ilə bağlı müzakirə aparılıb.