"Azercell Telekom" SMS və Balans öyrənmə haqqını bahalaşdırır.
Ucnoqta.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı şirkət müvafiq qərar qəbul edib.
Qeyd edilib ki, aprel ayının 7-dən etibarən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
Bütün fakturasız (Sim-Sim) və fakturalı xətt sisteminə aid nömrələr (korporativ abunəçilər daxil olmaqla) üçün nəzərdə tutulmuş SMS xidməti çərçivəsində ölkədaxili göndərilən 1 SMS-ə görə 0,10 AZN, ölkəxarici (beynəlxalq zəng istiqamətindəki ölkələrə) göndərilən 1 SMS-ə görə isə 0,25 AZN xidmət haqqı tətbiq ediləcək.
Fakturasız (Sim-Sim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş Balans haqqında avto-məlumat xidməti ödənişli olacaq və xidmət çərçivəsində aylıq abunə haqqı 0,59 AZN təşkil edəcək. Xidmət hər 30 gündən bir avtomatik olaraq yenilənəcək. Abunəçilər müvafiq açar sözündən istifadə etmək ilə xidməti aktiv və ya deaktiv edə biləcəklər.
Fakturasız (Sim-Sim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş Balans öyrənmə (Balans məlumatı) xidməti çərçivəsində hər USSD (*111*1*7#yes) sorğuya və 2112 qısa nömrəsinə göndərilən hər bir SMS-ə, o cümlədən 2112 qısa nömrəsi istiqamətində həyata keçirilən hər bir zəngə görə 0,10 AZN xidmət haqqı tətbiq ediləcək. İndiyədək bu xidmət haqqı 0.02 AZN təşkil edib.