«Qızıl amnistiya» təklifi necə qarşılanır?
Aynur Quliyeva: «Kommunal borcların silinməsi aztəminatlı ailələrin yükünü azaldar»
Aydın Mirzəzadə: «Bu xərclər o qədər çox deyil ki, hansısa ailəni müflis etsin»
Parlamentin yaz sessiyasının ilk günündə millət vəkili Pənah Hüseyn ölkənin və məclisin gündəminə 3 amnistiya təklif edib: məhbuslar üçün hüquqi müstəvidə “Qızıl amnistiya”, jurnalistlər üçün vəzifəli iddiaçıların və hakimiyyətin siyasi amnistiyası və əhalinin işıq və su borclarının silinməsi.
Deputatın sözlərinə görə, şərti amnistiyanın ikinci qolu bütün məhbuslara yönəlib: “Bu il parlament III çağırış müddətini bitirir. Ona görə də geniş çərçivəli amnistiya layihəsinin qəbulu təklif olunur. Buna ”qızıl amnistiya" deyirlər. Siyasi amnistiyaya gəlincə bu, ilk növbədə söz və mətbuat azadlığı ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi ilə bağlıdır. Bura “Diffamasiya haqqında” qanunun qəbulu, həbsdə olan Qənimət Zahid və Eynulla Fətullayevin azad, yaxud əfv olunması, siyasi məhbus hesab edilən şəxslərin bu il parlament seçkilərinin olmasını nəzərə alaraq seçki hüquqlarının tam bərpası daxildir".
Millət vəkili Aynur Quliyeva «Üç nöqtə»yə Pənah Hüseynin təklifinə ümumilikdə müsbət yanaşdığını desə də, bəzi məqamlara da toxunub: «Əlamətdar günlər, bayramlar ərəfəsində cənab prezident öz müstəsna səlahiyyətlərindən istifadə edərək əvf fərmanı imzalayır. Təbii ki, mən bu insanların azadlığa çıxmasının tərəfdarıyam. Allah bütün bağlı qapıları açsın deyirəm. Amma bunun istisnasız olaraq tətbiq edilməsi yolverilməz olardı. Çünki həbsxanada olan insanların arasında insanların həyatıyla heysiyyətiylə oynayan, bəzi hallarda onları qəddarlıqla qətlə yetirən qatı cinayətkarlar var. Onları yenidən insanların içərisinə buraxmaq nə qədər doğru olardı? Bu onları növbəti cinayətlərə sövq etməzmi?» Deputat üçüncü çağırış müddətində iki dəfə amnistiya haqqında qanun layihəsinə səs verdiklərini xatırlavdır: «Hər iki qanun layihələrinin müəllifi də Heydlər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva olub. Təbii ki, mən bu cür amnistiyalara müsbət yanaşıram. Cəzasının xeyli müddətini çəkmiş və ya cəza yükü o qədər də böyük olmayan məhbusların azadlığa buraxılmasına tərəfdaram. Həbsdə olan jurnalistlərin də azadlığa buraxılmasını arzu edirəm». Pənah Hüseynin ideyasını maraqlı sayan deputat «əgər bu ideya qənaətbəxş hesab olunarsa və Milli Məclisə belə bir amnistiya layihəsi daxil olarsa mən bunu təqdir edənlərdən biri olaram». Əhalinin debitor borclarının silinməsinə gəlincə, «bu da çox müsbət bir addım olardı» deyən A.Quliyeva ölkə başçısının bu yaxınlarda belə bir addım atdığını yada salır: «Bu, əhali tərəfindən çox sevinclə qarşılandı. Təbii ki, vaxtı yetdikcə bu cür addımların atılması ölkədəki aztəminatlı ailələrin məişət qayğılarının xeyli dərəcədə yüngülləşdirilməsinə xidmət edərdi».
Aydın Mirzəzadə isə Pənah Hüseynin təklifindəki bəndlərin ayrı-ayrılıqda qiymətləndirilməli olduğunu dedi: «Biz bazar iqtisadiyyatı olan dövlətdə yaşayırıq və hər bir kəs öz istifadə etdiyi kommunal xərclərə görə ödəniş etməlidir. Ödənişlərin silinməsi avtomatik olaraq həmin xərclərin dövlətin çiyinlərinə salınmasına səbəb olur. Bu isə bazar iqtisadiyyatı siseminin mahiyyətini itirir. Sovet dövründə olduğu kimi bütün sosial xərcləri dövlət çiyninə götürmüş olur. Bu isə düzgün deyil. Hər bir kəs kommunal xidmətlərdən istifadə edərkən öz imkanları ilə ehtiyaclarını uzlaşdırır. Yəni bu gün Azərbaycanda kommunal xərclər o qədər yüksək deyil ki, həmin xərclər hansısa ailəni müflis etsin və yaxud da çıxılmaz vəziyyətə salsın».
Jurnalistələrə amnistiya tətbiq olunmasına gəlincə, A.Mirzəzadə hesab edir ki, qanun qarşısında hamı bərabərdir və məhbusun hansı peşə sahibi olmasının əhəmiyyəti yoxdur. «Hər kəs ilk növbədə öz əməlinə görə məhkum edilir və müfaviq cəzanı çəkməlidir».
Zahid Oruc isə parlamentdəki müzakirələrdə əvvəlki amnistiya aktlarına müxalifət deputatlarının qərəzli münasibət sərgiləməsini bildirdi: «Parlamentdə qəbul edilən, böyük insan həyatlarını əhatə edən amnistiya aktlarına münasibətdə bizim müxalif həmkarlarımız çox qəribə davranışlar nümayiş etdirirdilər. Biz həmişə deyirdik ki, heç olmasa bu cür amnistiya aktlarına münasibət göstərkən normal davranış nümayiş etdirsinlər. Onu qiymətləndirməmək, bir iki insanın konteksində təhlil edib gözdən salmaq kimi hallar baş verirdi. Əgər bu gün Pənah Hüseyn belə bir təkliflə çıxış edirsə, deməli, o əvvəlki amnistiya aktlarıyla bağlı addımlara söykənib bu təklifi verir. Amma həmin amnistiyalar veriləndə onlar bu aktları müsbət qiymətləndirən bir ifadə işlətmədilər». Z.Oruc həmkarının təklifinin sosial xarakterli bəndləriylə bağlı bunları dedi: «İşıq, su borclarının silinməsi məsələsinə gəlincə, yenə də həmkarımız prezidentin qaz borclarını silinməsiylə bağlı fərmanını əsas götürüb. Amma həmin fərman veriləndə bundan bir həftə sonra müxalif mediada yazdılar ki, həmin rəqəm şişirdilib və sairə. Mənim tam əminliyim yoxdur ki, eyni şeyi indi təkrarlamayacaqlar. Deyəcəklər bu siyasət idi, seçki ilində siyasi addım idi və sairə. Ona görə də hörmətli Pənah Hüseyn qoy əvvəlcə bu istiqamətdə verdiyi təklifin nəyə əsaslandığını etiraf etsin, bu isiqamətdə atılan əvvəlki addımları dəyərləndirdiyini elan etsin, sonra səmimi şəkildə bu cür təklif irəli sürsün».
Qızılgül





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər