Davudoğlu əsəbləşib: "Təsadüflərə inanmıram"
Türkiyə-Ermənistan prosesi dayana bilər
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu qondarma erməni soyqırım qanununun martında 4-də ABŞ Konqresinin Xarici Əlaqələr Komissiyasının sədri Hovard Berman tərəfindən müzakirəyə çıxarılmasına sərt reaksiya verib. Aprelin 24-dən əvvəl qanunun gündəmə gəlməsinin təsadüf olmadığını ifadə edən Davudoğlu, Ermənistan tərəfinin son həftələr ərzində üç hadisəni planlaşdırdığı qənaətinə gəldiyini açıqlayıb. Davudoğlu qondarma soyqırım haqında qətnamə ilə bağlı ilk şərhini Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün getdiyi Almaniyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlayıb. O bildirib ki, Ankaranın narahatlığını Münhendə görüşdüyü ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqə çatdırıb və xəbərdarlıqlarını edib: "Amerika Konqresində baş verən prosesi təsadüf kimi görə bilərsiniz, amma biz elə görmürük. Son həftələrdə dalbadal baş verən üç hadisənin baş vermə tarixi bizi son dərəcə narahat etdi. Əvvəlcə
Ermənistan Konstitusiya Məhkəməsi, imzaladığımız protokolları qəbul edə bilməyəcəyimiz hala gətirən qərar verdi, sonra Azərbaycan prezidenti İlham Əliyev və Serj Sarkisyanın Qarabağ münaqişəsi ilə bağlı Soçidə baş tutan son görüşündə erməni tərəfi konstruktiv mövqeyindən geri addım atdı. İndi də bu qanun ABŞ Konqresinə təqdim edilir. Bu məsələ niyə indi gündəmə gəlir? Məsələn, noyabr ayında olmur?
Türkiyə xarici işlər naziri rəsmi Ankaranın qondarma soyqırım təzyiqi altında addım atmadığını vurğulayıb: "Biz 31 avqustda protokolları imzalayacağımızı elan edəndə Türkiyənin üzərində heç bir təzyiq yox idi. Alınan qərarın doğru olduğuna inandığımız üçün o addımı atdıq. Bu gün də kimsə bizə 24 aprel təzyiqi edərək inanmadığımız addımları atmamızı gözləməsin. Biz lazım olanı doğru olduğuna inandığımız zaman edərik. Belə bir qanunun gündəmə gəlməsi nə ABŞ-ın, nə Ermənistanın, nə də Türkiyənin xeyrinədir. Bu müddət həm ikitərəfli əlaqələrimizin zədə almasına, həm də böyük əməklərlə bir nöqtəyə gətirdiyimiz Türkiyə-Ermənistan prosesinin dayanmasına səbəb ola bilər. Vaşinqtonun həssaslıqlarımız mövzusunda həssas olmasını gözləyirik".





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər