Mətbuat Şurası xüsusi araşdırma aparır
Əflatun Amaşov: «Parlament adında qəzetlərin çap olunması özü artıq qanunsuzluqdur»
Azərbaycan Mətbuat Şurası parlament adından çap edilən qəzetlərlə bağlı monitorinq aparır.
"Parlament adından çap olunan qəzetlərlə bağlı yeni araşdırma aparılır və onların fəaliyyəti ilə bağlı qanunsuzluq aşkar olunarsa, müvafiq tədbirlər görüləcək", - Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, Milli Məclisin müvafiq strukturlarının razılığı olmadan parlament adında qəzetlərin çap olunması özü artıq qanunsuzluqdur. "Kütləvi informasiya vasitələri haqqinda" qanuna edilən əlavə və dəyişikliklərdə də həmin müddəa öz əksini tapıb", - Şura sədri əlavə edib. Onun fikrincə, Milli Məclisin mətbuat xidməti rəhbərliyinin bu məsələyə diqqət ayırması da təqdirəlayiqdir.
"Düşünürəm ki, biz qarşılıqlı əməkdaşlıq nəticəsində problemin həllinə nail olacağıq", - Amaşov vurğulayıb. Şura sədri deyib ki, parlamentin mətbuat xidmətinin müraciətindən sonra aparılan araşdırmalardan sonra iki qəzet "reket" qəzetlər siyahısına daxil edilib. "Parlament adından daha bir neçə qəzetin fəaliyyət göstərdiyi bizə də məlumdur. İndi həmin qəzetlərlə bağlı monitorinq aparılır və yaxın zamanda onlarla bağlı ciddi qərarlar qəbul olunacaq", - o xatırladıb.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər