GÖRÜŞDƏ FƏRHAD BƏDƏLBƏYLİDƏN BAŞQA KİMLƏRİN İŞTİRAK ETDİYİ AÇIQLANMIR
Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş “Rossiyskaya qazeta”nın redaksiyasında baş tutub. Qapalı keçirilən görüşdə müzakirə olunan məsələlər barədə media nümayəndələrinə məlumat verilməyib. Hər iki ölkənin ziyalılarının görüşü Moskvanın Mərkəzi Ədəbiyyat Evində davam etdiriləcək. Qeyd edək ki, görüşün bu gün keçiriləcəyi barədə xəbər Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində yer alıb. Görüşdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi açıqlanmasa da, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəylinin görüşdə iştirak edəcəyini öyrənmək mümkün olub.
Xatırladaq ki, bu Azərbaycan və Ermənistan ziyalılarının sayca üçüncü görüşüdür. Bu barədə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində bildirilir. Müəllif qeyd edir ki, bu, dörd illik fasilədən sonra iki xalqın ziyalıları arasında keçirilən ilk görüşdür: “Dörd illik fasilə təsadüfi ola bilməz. Diplomatik ünsiyyətdə belə fasilə qeydə alınmasa da, hər iki ölkənin mədəniyyət nazirləri, daha sonra ölkələrinin Rusiyada səfirləri olmuş Polad Bülbüloğlu və Armen Smbatyanın təşəbbüsü ilə başlanan humanitar dialoqu davam etdirmək mümkün olmayıb».
«Bu gün kompromis zəiflik deyil, güc əlamətidir. İlk növbədə intellektual güc əlaməti. Humanitar səviyyədə dialoqun başlaması Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra mühüm impuls hesab oluna bilər».