"Bu gün Milli Məclisin növbədənkənar iclasında “Qeyri-Hökümət Təşkilatları haqqında” Qanuna təklif olunan düzəlişlər də müzakirə olundu. Yeni dəyişikliklər təsdiq olunduqdan sonra, QHT-lər qrant müqavilələrini qeydiyyat almaq üçün elektron müraciət etmək imkanı qazanacaqlar."
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili, iqtisadçı Vüqar Bayramov çıxış edib. Millət vəkili çıxışı zamanı bildirib ki, 2019-cu ildə 213 milyon manatlıq qrantın yalnız 4 milyon manatı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfındən təklif edilib: "Ölkənin aparıcı vətəndaş cəmiyyəti qurumları da daha çox şuranın vəsaitələrinə müraciət edirlər. Praktik olaraq əksər aparıcı QHT-lərin digər dövlət qurumları tərəfindən ayrılan 209 milyon manata çıxış imkanları məhduddur. Bütün dövlət qurumlarına ayrılan qrantların şura tərəfindən istifadəyə verilmiş Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi (SƏLİS) vasitəsi ilə təklif olunmasını tövsiyyə etdim. Bütün dövlət qurumlarının qrantlarının SƏLİS vasitəsi ilə vahid idarəedilməsi qrantların verilməsinə nəzarətin mərkəzləşdirilməsinə və güclənməsinə, şəffaflığın artmasına, hesabatlılığın gücləndirilməsinə, məlumatların elektron bölüşdürülməsinə imkan yarada bilər. SƏLİS vəsaitəsi ilə hətta müqavilələrin elektron bağlanmasının mümkün olduğunu nəzərə alsaq bu eyni zamanda mövcud pandemiya şərtlərinə də uyğundur".