Dünyanın bəzi ölkələrində, o cümlədən, Türkiyədə koronavirus pandemiyası ilə bağlı uşaqların küçəyə çıxması qadağandır. Ölkəmizdə isə xüsusi karantin rejimində valideynlərə azyaşlı uşaqlarını evdən çıxarmamaları tövsiyə edilir. Amma çox təəssüf ki, deyilənlərə əməl edən azdır. Bu günlərdə yenə küçədə, marketdə və digər yerlərdə yanında uşaq olan valideynlərə rast gəlinir.
Day.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb. Həkimlərin sözlərinə görə, bəzi valideynlər, təəssüf ki, bu məsələyə elə də ciddi yanaşmır. Uşaqların çox ciddi infeksiya dayışıcıları olduğunu deyən həkim valideynləri diqqətli olmağa çağırır.
Ekspertlər hazırda böyüklərlə yanaşı, uşaqların da müəyyən icazələrlə evdən çıxmasını vacib hesab edir.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından bildirilib ki, indiki vəziyyətdə azyaşlıların küçəyə çıxmasına hər hansı rəsmi qadağa yoxdur. Sadəcə, valideynlərə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, övladlarını küçəyə çıxarmamaları tövsiyə olunur.