Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Əvvəlkilərin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı sayılmırlar.
1995-ci ildən indiyədək təxminən 121 eks-deputat pensiya almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” qanunda göstərilib ki, qulluq stajına görə, əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:
- Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla).
- Əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Milli Məclisin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə “Əmək pensiyaları haqqında” qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
Pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir:
“Çünki onlara deputatıq dövründə verilən əlavələr sığorta stajına yazılır. Pensiya hüquqna malik olan zaman isə həmin əlavələr pensiyaya əlavə edilir”.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 24-1 maddəsinə görə, vəfat etmiş deputatın və sabiq deputatın ailə üzvlərinin pensiya təminatı aşağıdakı kimi müəyyən edilir:
- Deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.
Qanunun 30-cu maddəsinə əsasən, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.
Pensiya yaşına çatmış deputatın iş stajının hesablanması zamanı səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir./modern.az