9 fevral 2020-ci ildə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində 125 deputat mandatı uğrunda 1314 mübarizə apardı.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarına görə, ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak üçün deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin deputatlığa namizədliyi ləğv edilib. Tam tərkibdə yenilənməsi gözlənilən Milli Məclisdəki bir çox pensiya yaşını haqlamış deputatların sabiqlər sırasına qoşulacağı gözlənilsə də, cəmi 43 nəfər yeni sima xalqı parlamentdə təmsil edəcək.
Modern.az mövzunun aktuallığını nəzərə alaraq, deputatların hazırkı maaşı və pensiya təminatını araşdırıb.
Araşdırma zamanı məlum olur ki, hazırda Milli Məclisin sıravi deputatlarının əməhaqqı parlamentin sədrinin maaşının 70 faizi qədər, komitə sədrlərinin maaşı 80 faizi qədər, sədr müavininin maaşı 90 faizi qədər, birinci müavinin maaşı 95 faizi qədərdir.
Hazırda sıravi deputatların əməkhaqqı 1730 manatdır. Sıravi deputatın maaşına əsasən aparılan hesablamalarımız göstərir ki, parlament sədrinin rəsmi maaşı 2 471 manat, birinci müavinin rəsmi maaşı 2 347 manat, müavinin rəsmi maaşı 2 224 manat, komitə sədrlərinin maaşı 1977 manatdır.
Milli Məclis üzvlərinə deputatlıq fəaliyyətini yerinə yetirdiklərinə görə, təxminən 730 manat əlavə müavinət təyin edilib.
Rəsmi maaşların üzərinə 730 manat müavinəti gələndə parlament sədrininin aylıq gəliri 3 201 manat, birinci müavinin aylıq gəliri 3 077 manat, müavinin aylıq gəliri 2 954 manat, komitə sədrlərinin aylıq gəliri isə 2 707 manat, sıravi deputatın aylıq gəliri 2460 manat edir. Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.
Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar. Sıravi deputatlarda bu məbləğ 5190 manat (1730*3), parlament sədrində 7413 manat (2 471*3), birinci müavində 7 041 manat (2 347 *3), müavində 6672 manat (2 224 *3), komitə sədrlərində 5 931 manatdır (1977*3) .
Adının çəkilməsini istəməyən deputat V çağırış Milli Məclisin bəzi üzvlərinin bir müddət əvvəl daha çox tətilpulu və gələcəkdə daha çox pensiya almaq üçün əlavə vəsaitlərin rəsmi maaşa daxil edilməsini təklif etsələr də, məsələyə baxılmadığını deyib.
Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Əvvəlkilərin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı sayılmırlar.