Ucnoqta.az
www.ucnoqta.az

Ötən ay zərərsizləşdirilən silah-sursatın sayı açıqlanıb

15:01 - 1 Fevral 2020 tarixində dərc olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvar ayı ərzində Azərbaycan ərazisində zərərsizləşdirilən silah-sursatın sayını açıqlayıb.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Göygöl, Qaradağ, Qazax, Sabirabad, Tovuz, Tərtər, Xızı rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 1 230 079 m² (123 ha) ərazi yoxlanılmış, 463 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə, 2 ədəd tank əleyhinə mina (cəmi 470 ədəd) və 3 937 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 458 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
Yanvar ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 4 (dörd), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 15 (on beş), Dövlət Sərhəd Xidmətindən (DSX) - 5 (beş) və Rayon Polis şöbələrindən (RPŞ) - 1 (bir) müraciət daxil olmuşdur (cəmi: 25 çağırış). Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağstafa, Füzuli, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 22 236 m² ərazi yoxlanılmış, 50 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 54 ədəd) və 3 937 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 542 459 167 m² (54 246 ha) ərazi təmizlənmiş, 806 326 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

Müəllif: