Ucnoqta.az
www.ucnoqta.az

“Sevərək əldə edilən uğur əsl xoşbəxtlikdir”

18:23 - 7 Yanvar 2020 tarixində dərc olunub.

Aytac İsgəndərli: “Peşəmi mənə ən çox sevdirən səbəb şagirdlərimin üzündəki maraq və sevincdir”

2016-cı ildə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin Tarix-Coğrafiya müəllimliyi ixtisasını bitirib. 2018-ci ildə isə magistr dərəcəsi üzrə təhsilini yekunlaşdırıb. Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək yüksək nəticə göstərib və Şəmkir şəhəri Morul tam orta məktəbində coğrafiya fənnini tədris etməyə başlayıb. Fəaliyyət göstərdiyi məktəbin rəhbərliyi tərəfindən “İlin ən yaxşı müəllimi” kimi təltif olunub. Peşəsini həddindən çox sevir və daima yeniliklər axtarışındadır. Deyir ki, məkətəbə müəllim olaraq gəldiyi ilk vaxtlarda uşaqlar coğrafiya fənnini sevməsələr də, o, qarşısına məqsəd qoyub və uşaqların çətin hesab etdiyi bu fənni onlara sevdirməyi bacarıb: “Qısa müddətdə şagirdlərə fənnimizin əhəmiyyətini izah edərək və müasir dövrümüzün üstünlüklərindən faydalanaraq maraqlı dərs sistemi təşkil etdim. Və böyük uğur əldə etdim. Fənnimi şagirdlərimə “Coğrafiya həyatımız” şüarı ilə sevdirə bildim”.

“Üç nöqtə” qəzetinin qonağı Şəmkir şəhəri Morul tam orta məktəbinin coğrafiya müəllimi Aytac İsgəndərlidir.

- Peşənizə çox bağlısınız. Peşənizi sizə ən çox sevdirən nədir?  
- Bəli. Peşəmə olduqca bağlıyam. Səbəbi əslində çoxdur. Bu səbələrdən birincisi işimi sevərək icra etməyimdir. Məsələn, bu peşəyə sahib olmaq üçün gecə-gündüz mübarizə aparmamışam, əlimdən gələni etmişəm. Çünki, düşünürəm ki, əziyyətlə, sevərək əldə edilən uğur əsl xoşbəxtlikdir. Peşəmi mənə ən çox sevdirən səbəb isə şagirdlərimin üzündəki maraq və sevincdir.

- Adətən uşaqlar coğrafiya fənnini çətin sevirlər. Bu fənni uşaqlara necə sevdirə bildiniz?
- Fənnimiz maraqlı olmasına baxmayaraq, bu fənnə son dövrdə maraq azalmışdır. Bunun isə müxtəlif səbəbləri var. İlk olaraq coğrafiya fənninin yalnız bir ixtisas (II) qrupunda olması və şagirdlərin daha çox imtahan verdikləri fənnə maraq göstərməsi ilə bağlıdır. Bununla bağlı ilk başlarda olduqca çətinlik çəkdim. Lakin qısa müddətdə onlara fənnimizin əhəmiyyətini izah edərək və müasir dövrümüzün üstünlüklərindən faydalanaraq maraqlı dərs sistemi təşkil etdim. Və böyük uğur əldə etdim. Fənnimi şagirdlərimə “Coğrafiya həyatımız” şüarı ilə sevdirə bildim.

- Müəllimlərin işə qəbulunda yüksək nəticə toplasanız da, Şəmkiri seçmisiniz. Bakıda işləmək kimi fikriniz olmayıb?
- Xeyr, olmayıb.

- Gəncədə yaşasanız da, Şəmkirdə işləyirsiniz. Çətin olmur?
- Xeyr, çətin olmur. Əksinə çox böyük sevinclə hər gün gedib-gəlirəm. Qeyd edim ki, yerdəşimə şansım olmasına baxmayaraq məktəbimi dəyişmədim. Ümumiyyətlə, yerdəşimə etmək istəmirəm. Allah nəsib etdiyi müddət ərzində burda işləyəcəm inşallah.

- Heç ruhdan düşdüyünüz vaxtlar olurmu?
- Ruhdan düşdüyüm an bir dəfə olub. O da məktəbə gəldiyim ilk gündə uşaqların “Biz bu fənni sevmirik, qrupumuzda yoxdur” - kimi sözlər işlətməsi olmuşdu. Lakin bu ruh düşkünlüyü cəmi bir neçə dəqiqə çəkdi. Həmin an qarşıma məqsəd qoydum ki, bu fənni uşaqlara sevdirəcəm. Və elə də oldu. Qruplarında olmamasına baxmayaraq artıq uşaqlarım coğrafiya fənninə böyük həvəs və maraq göstərirlər. Bəzən müəllim çox savadlı olur, amma biliyini şagirdlərə tam olaraq ötürə bilmir. Mən biliyimi şagirdlərə çatdırmaq üçün əlimdən gələni etdim ki, onlara qaranlıq qalan nə isə olmasın. Təkcə mənim dərsim deyil, digər fənlərlə bağlı nə isə çətinlikləri, sualları, problemləri olanda belə, onu gəlib mənimlə bölüşmələri üçün şərait yaratdım.

- Pedaqoji fəaliyyətinizdə qazandığınız nailiyyətlər barəsində nə deyə bilərsiniz?
- Pedaqoji fəaliyyətim elə ilk ilindən başlayaraq olduqca uğurlu keçdi. Təhsil naziri Ceyhun Bayramovun hər il yüksək nəticə əldə etmiş müəllimlərlə təşkil etdiyi görüşdə respublika üzrə 40 müəllimdən biri kimi məndə iştirak etdim. Şəmkirdə bir çox ictimai fəaliyyətlərim oldu. Gənc Müəllimlər Birliyinin idarə heyətinə üzv oldum. Pedaqoji mühazirəm rayon turunun qalibi oldu və respublika turunda iştirak edərək tərifnamə ilə təltif olundum. Fəaliyyət göstərdiyim məktəbin rəhbərliyi tərəfindən “İlin ən yaxşı müəllimi” kimi təltif olundum. Bunlarla yanaşı əsas uğurum şagirdlərimin sevgisini qazanmağım oldu.

- Peşənizə bu qədər sevgi ilə yanaşırsınız. Bəs qazandığınız əmək haqqı ehtiyaclarınızı ödəməyə yetirmi?
- Çox şükür. Narazılığım azdır. Tam ödəmədiyi anlar da olur. Yenə də şükür edirəm.

- Məktəbə ilk dəfə müəllim kimi gələndə sizi necə qarşıladılar?
- Olduqca yaxşı qarşıladılar. Məni böyük maraqla dinləyirdilər. Müxtəlif cür suallar təqdim olunurdu. Bir məktəbə yeni təyin olunmuş müəllim kimi ilk gün çox darıxacağımı düşünürdüm. Lakin ilk gündən məktəbdə kollektivimiz və şagirdlərimin sayəsində özümü doğma hiss etdim, heç yadlıq hiss etmədim.

- Bəzi kənd yerlərində qızların təhsili vacib hesab edilmir, orada vəziyyət necədir?
- Bu problem əsasən ucqar dağ kəndlərimizdə görülürdü. Lakin Şəmkir şəhərində bu cəhətdən bir çox sosial addımlar atılır. Psixoloji seminarlar, təlimlər təşkil olunur. Yekun olaraq uğurlu nəticələr əldə olunur. Demək olar ki, artıq bu problem aradan qaldırılır.

- Necə düşünürsünüz, şagirdlər üçün gənc müəllimlərlə dialoq qurmaq daha asan olur, ya əksinə yaşlı müəllimlərlə?
- Zənnimcə, gənc, yaxud yaşlı müəllim fərq etməz. Əsl pedaqoq və psixoloq kimi  davransaq, şagirdlər üçün rahat olar. Lakin son dövrümüzə nəzərən şagirdlərin daha çox gənc müəllimlərlə sərbəst dialoq qurduğunun şahidi ola bilərik.

- Əvvəlki dövrün adamları elə düşünürdülər ki, müəllimlər yemək yemir. İndi isə belə deyil. Sizcə dəyişən nədir?
- Dəyişən sadəcə dövrümüzün üstünlükləri və dəyərləridir. Məsələn, adi bir misal göstərə bilərəm. İndi kiçik yaşlarında olan bir uşaq ağlayanda  valideynləri onu mobil telefon, yaxud internet vasitəsilə sakitləşdirir. Halbuki bunlar bizim dövrümüzdə bu cür deyildi.

- Bəs hansı daha yaxşıdır, keçmişdəki müəllim siması, yoxsa şagirdlə dost olan müasir müəllim?
- Keçmişdən əsl müəllimlik simasını öyrənib, dərk edən və gələcəkdəki şagirdləri ilə dost olan müəllim.

- Müasir dövrün müəllimi necə olmalıdır?
- Müasir müəllim, şagirdləri ilə dost olmağı və özünə hörmət etdirməyi bacaran bir pedaqoq olmalıdır. Yəni şagird müəllimdən qorxmalı deyil, hörmət etməyi bacarmalı, müəlliminə fikrini bildirməkdə sərbəst olmalıdır. Çünki şagir müəllimindən nə qədər qorxarsa, öyrənəcəkləri şeylər də bir o qədər az olar. Ona görə də müəllimlər şagirdlərinə fikirlərini sərbəst şəkildə çatdıra bilmələri üçün şərait yaratmalıdır. Belə olan halda uşaq daha çox şey öyrənər və daha savadlı, özgüvənli olar.

- Pis şagird olur, yoxsa pis müəllim?
- Fikrimcə, nə pis şagird, nə də pis müəllim yoxdur. Pis yanaşma və səhv anlaşılma var. Burda da əsas iş müəllimin üzərinə düşür. Müəllim şagirdinə özünü düzgün şəkildə ifadə etməyi bacarmalıdır. Bu zaman anlaşılmazlıq olmaz. Məsələn, müəlllimin şəxsi problemi varsa onu hansısa dəcəllik edən bir şagirddən hirsli şəkildə çıxmaq əvəzinə, problemini kənara qoyub, şagirdinə bu cür işlər etməməyini, hörmətlə yanaşmağı tələb etməlidir.

- Qarşıda hansı planlarınız var?
- Hazırda 2 aydır ki, analıq məzuniyyətindəyəm. Şagirdlərim üçün olduqca darıxıram. Bu darıxmanın qarşılıqlı olduğunu bilmək isə mənə başqa cür sevinc hissi verir. Daima məni yad edirlər. Məzuniyyətim bitdikdə işimə qayıdacam. Gələcək məqsədlərimdən biri ziyalı müəllim kimi daima yadda qalmaqdır. Bunun üçün öz fəaliyyətimdə daima axtarışdayam. Yenilikləri araşdırıram və bunu fəaliyyətimə tətbiq edirəm.

- Gənc bir müəllim olaraq sonda müəllim olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz?
- Bir gənc müəllim kimi gənc müəllim olmaq istəyənlərə ilk öncə uğurlar arzu edirəm. Qətiyyən çətinliklər sizi ruhdan salmasın. Məqsədli və daima yenilik axtarışında olun. Müasir dövrümüzün üstünlüklərindən yetərincə istifadə edin. Şagirdlərinizin dostu olun. Bir təbəssümün, səmimiyyətin həll edə bilməyəcəyi problem yoxdur. Şagirdlərinizə sizdən qorxmağı deyil, sizə hörmət etməyi öyrədin. Əldə etdiyiniz uğurun və peşənin qiymətini bilin. Çünki, bu peşədən önəmli ikinci bir peşə yoxdur. Və ən əsası peşənizə sevgi ilə yanaşın. Bəzən maddi cəhətdən yüksək nəticə əldə etməsək də, yüzlərlə şagirdin sevgisini qazanan bir peşəyə sahibik, bunu unutmayaq. Və inanın ki, bunun verdiyi xoşbəxtlik bir başqadır.

Könül Oruc

Müəllif: