Ucnoqta.az
www.ucnoqta.az

Etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb

18:27 - 21 İyun 2017 tarixində dərc olunub.

Azərbaycanda etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir


Azərbaycan tarixən çoxmillətli bir məmləkət olub. Əsrlər boyu Azərbaycanda 80-dən çox etnosun nümayəndəsi yerli etnos olan azərbaycanlılarla yanaşı yaşayıb. Hazırda Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan (əhalinin 91 faizi) və ölkənin müxtəlif guşələrində yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Onlar Azərbaycanın eynihüquqlu vətəndaşlarıdır. Onlar arasında Altay ailəsinin türk qoluna məxsus olan azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yahudiləri, kürdlər), qafqaz (ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri var. Azərbaycan həm də dini müxtəlifliyi ilə seçilir. Müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Əlbəttə, bu, hamının – həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların – Azərbaycanda başlıca dinimiz olan İslam dininin, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilib. Sevindirici haldır ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir. Bununla bağlı Elşən Nəsibov bildirib ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, biri-birinə qarşılıqlı təsir göstərib, dini həyatın özəlliyini şərtləndirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini-fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Bu, təkcə bizim məmnunluq və iftixar hissi ilə söylədiyimiz fakt deyil, həm də mütərəqqi dünyanın, beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir. Onun sözlərinə görə, müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurub və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan bütün dini azadlıqları müdafiə edir. Bəli, bu gün Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu var.  Bu dəyərlərin nəticəsidir ki, ölkəmizə gələn müxtəlif dinin nümayəndələrinə həmişə xoş münasibət göstərilib. Məsələn, Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunan yəhudilərin ölkəyə gəlişi eramızdan əvvəl I əsrə aid edilir. Onların əcdadları yəhudiliyə ilk iman gətirənlərdən olub, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmayıblar. Bu gün ölkəmizin ərazisində yaşayan dağ yəhudiləri yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlayıblar. Xristianlıq isə Azərbaycan ərazisinə hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz edib. Sinayda aşkar edilmiş "Alban yazısında və alban dilində" leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.
Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunub. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlayıb. Hələ XIX əsrin ikinci yarısında incilçi-lüteran kilsəsinin ardıcılları Bakıya neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəliblər.
Azərbaycanın islamlaşması erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-ci il) başlayıb. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul edibdi. Sasanilərlə bizanslılar arasında şiddətli mübarizənin nəticəsində ölkədə gah zərdüştilik, gah da xristianlıq güclənmiş, belə bir şəraitdə bölgəyə gələn islam sürətlə yayılmaq imkanı əldə edib.
Regionda tarixən dözümlülük mühitinin formalaşmasında islamın Azərbaycanda yayılmasının böyük rolu olub. Çünki mərhəmət, sevgi və əxlaq dini olan islamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları da regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşayıblar. Bu gün də yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin də bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bunun nəticəsidir ki. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edir, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Bundan başqa, son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycanın mühüm rol oynaması da, yuxarıda qeyd edilən faktların məntiqi nəticəsidir. Bu həm də  Azərbaycana həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə müsəlman ölkəsi olmasına imkan verir. 
Həmçinin son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlib Bunlar həm də fərqli dini konfessiyaların nümayəndələrinin hər zaman həmrəy olmasından irəli gəlir.  Beləliklə, vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir.

Müəllif: