Ucnoqta.az
www.ucnoqta.az

Zəhra motosikleti "prava"sız idarə edirmiş - DYP məlumat yaydı

14:18 - 17 İyun 2026 tarixində dərc olunub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda motosiklet idarə edən yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

İdarədən Ucnoqta.az-a verilən məlumatda bildirilib ki, iyunun 16-da saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb: "Məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə, əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib.

Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.

Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır".

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa, məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri düzgün və vaxtında icra etməyə, bununla yanaşı sürücülük hüququ olmayan şəxsləri sükan arxasına əyləşməkdən çəkinməyə, özlərinin və başqalarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır.

Müəllif: Ucnoqta.az redaksiyası