Ucnoqta.az
www.ucnoqta.az

Tıxaclar, gecikən avtobuslar və uğursuz tətbiq: AYNA-ya iradlar artır

12:22 - 8 İyun 2026 tarixində dərc olunub.

Son dövrlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ictimaiyyət və sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə olunur. Vətəndaşlar xüsusilə paytaxt yollarında tətbiq edilən yeni hərəkət sxemləri, bəzi küçə və prospektlərdə çəkilən yol nişanlanmaları, eləcə də nəqliyyatın təşkili ilə bağlı qərarların tıxacların azalmasına deyil, əksinə artmasına səbəb olduğunu bildirirlər.
AYNA isə rəsmi açıqlamalarında həyata keçirilən dəyişikliklərin yol hərəkəti təhlükəsizliyinin artırılmasına, ictimai nəqliyyatın daha səmərəli fəaliyyətinə və beynəlxalq təcrübənin tətbiqinə xidmət etdiyini vurğulayır.

Ucnoqta.az-a daxil olan növbəti şikayətlər isə marşrut avtobuslarının fəaliyyəti ilə bağlıdır. Sərnişinlərin sözlərinə görə, bəzi xətlər üzrə avtobusların sayı azaldılıb və bu da gözləmə müddətinin uzanmasına səbəb olur.

Belə şikayətlərdən biri 10 nömrəli marşrut xətti ilə bağlıdır. Bildirilir ki, sərnişinlər avtobusu gözləmək üçün dayanacaqda təxminən 40 dəqiqə vaxt itiriblər. Maraqlıdır ki, “AYNA MaaS” tətbiqində avtobusun bir neçə dəqiqə ərzində çatacağı göstərilsə də, real vəziyyətdə bu müddət yarım saatdan artıq olub.

Oxşar narazılıq 340 nömrəli marşrut xətti üzrə də səsləndirilib. Sərnişinlər həmin marşrutda da avtobusların sayının kifayət qədər olmadığını və intervalın normadan artıq uzandığını bildirirlər.

Apardığımız sorğuda iştirak edən vətəndaşların əksəriyyəti AYNA-nın fəaliyyətindən razı qalmadıqlarını qeyd ediblər. Onların fikrincə, agentliyin ən operativ işləyən sahəsi cərimə mexanizmidir, digər istiqamətlərdə isə ciddi problemlər qalmaqdadır.

Narazılıqlar yalnız avtobusların fəaliyyəti ilə məhdudlaşmır. Sərnişinlər “AYNA MaaS” tətbiqinin marşrut planlaşdırılması, avtobusların gəlmə vaxtının göstərilməsi və istifadə rahatlığı baxımından da problemlər yaratdığını deyirlər. İstifadəçilərin sözlərinə görə, tətbiqdə təqdim olunan məlumatlar bir çox hallarda real vəziyyətlə üst-üstə düşmür, lazımi məlumatı əldə etmək üçün isə çoxsaylı bölmələr arasında keçid etmək lazım gəlir.

Tətbiqlə bağlı istifadəçi rəylərinin araşdırılması da bu narazılıqları təsdiqləyir. “AYNA MaaS” müxtəlif platformalarda aşağı reytinqə malikdir və istifadəçilərin əhəmiyyətli hissəsi tətbiqin funksionallığından narazı olduqlarını bildirir.

Qeyd edək ki, ötən il ictimai nəqliyyatda gedişhaqqının artırılması xidmət keyfiyyətinin yüksəldilməsi, nəqliyyat infrastrukturunun inkişafı və sərnişinlərə daha rahat xidmət göstərilməsi məqsədi ilə əsaslandırılmışdı. Lakin sərnişinlərin səsləndirdiyi mövcud problemlər göstərir ki, gözlənilən nəticələr hələ də tam şəkildə özünü doğrultmayıb və ictimai nəqliyyat sahəsində həllini gözləyən məsələlər qalmaqdadır.

Mövzu ilə bağlı qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

Müəllif: Ucnoqta.az redaksiyası