Ucnoqta.az
www.ucnoqta.az

Bir sıra cərimələrdə bal tətbiq olunmamalıdır - Ekspert

12:33 - 5 İyun 2026 tarixində dərc olunub.

Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə balı limitinin artırılması ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim edilməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bir çox vətəndaş hazırda qüvvədə olan 20 ballıq limitin artırılmasını dəstəkləyir.

Mövzu ilə bağlı Ucnoqta.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, cərimə balı limitinin 20-dən 30-a yüksəldilməsi məqsədəuyğun olardı.

Ekspertin sözlərinə görə, bəzi yol hərəkəti qayda pozuntularına görə ümumiyyətlə cərimə balı tətbiq edilməməlidir. O, xüsusilə dayanma və durma qaydalarının pozulması ilə bağlı halları misal çəkərək qeyd edib ki, həm paytaxtda, həm də regionlarda bu məsələdə ciddi infrastruktur problemləri mövcuddur.

“Bir çox hallarda obyektlərin yerləşdirilməsi yol hərəkətinin təşkili ilə uzlaşdırılmır. Yol kənarlarında kafe, restoran və digər obyektlər fəaliyyət göstərir, lakin həmin məkanlara gələn sürücülər avtomobillərini saxlamaq üçün uyğun yer tapmırlar. Nəticədə onlar cərimə ilə üzləşirlər”, – deyə ekspert vurğulayıb.

Elməddin Muradlının fikrincə, dayanma və durma qaydalarının tətbiqində koordinasiya çatışmazlığı sürücülərin narazılığına səbəb olur. O bildirib ki, müşahidə kameraları qısa müddətli dayanmalara görə belə sürücüləri qeydə alır və bu hal daha çox taksi sürücülərinə təsir göstərir.

Ekspert qeyd edib ki, sərnişinin minib-düşməsi zamanı yaranan qısa dayanmalara görə tətbiq olunan cərimələr sürücülərlə sərnişinlər arasında da narazılıqlar yaradır. Toplanan cərimə balları isə sonda sürücülük hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Onun sözlərinə görə, xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sürücülük vəsiqəsinin itirilməsi gəlir mənbəyinin itirilməsi deməkdir. Bu baxımdan, cərimə balı limitinin artırılması məsələsinə daha humanist yanaşılması vacib hesab olunur.

Müəllif: Ucnoqta.az redaksiyası