Ucnoqta.az
www.ucnoqta.az

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi

23:25 - 3 İyun 2026 tarixində dərc olunub.

BMT Baş Assambleyasında keçirilən səsvermənin üçüncü məhdud turunda Qırğızıstan 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. 

Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, ölkə mandatına 1 yanvar 2027-ci ildən başlayacaq və iki il müddətində dünyanın ən mühüm beynəlxalq təhlükəsizlik orqanında təmsil olunacaq.
Asiya-Sakit Okean qrupu üzrə yer uğrunda mübarizə aparan Qırğızıstan lazımi səs çoxluğunu əldə edərək rəqibini geridə qoyub. Bu, ölkənin tarixində ilk dəfədir ki, BMT Təhlükəsizlik Şurasına üzv seçilir.

BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh əsas qurum hesab olunur. Şura münaqişələrin həlli, sanksiyaların tətbiqi və sülhməramlı əməliyyatlarla bağlı mühüm qərarlar qəbul edir.

Qırğızıstanla yanaşı, Avropa qrupundan Avstriya və Portuqaliya, Afrika qrupundan Zimbabve, Latın Amerikası və Karib hövzəsi qrupundan isə Trinidad və Tobaqo da 2027–2028-ci illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçiliblər.

Yeni seçilmiş ölkələr 1 yanvar 2027-ci ildən etibarən Şurada fəaliyyətə başlayacaq və beynəlxalq təhlükəsizlik gündəliyinin formalaşdırılmasında iştirak edəcəklər.

Vüsalə Abbasova

Müəllif: Ucnoqta.az redaksiyası