Ucnoqta.az
www.ucnoqta.az

"Tez-tez metrodan istifadə edirəm" - AYNA sədri

21:31 - 14 May 2026 tarixində dərc olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev ictimai nəqliyyatda əsasən Bakı metrosundan istifadə edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

"Mən əsasən Bakı metrosundan istifadə edirəm. AYNA-nın inzibati binası Nərimanov ərazisində yerləşir, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə isə tez-tez getmək lazım olur. Nazirliyin binası "Sahil" metrosunun yaxınlığında yerləşdiyi üçün həm mən, həm də digər əməkdaşlar tez-tez metrodan istifadə edirik. Yaşadığım ərazidə Atatürk parkı, "Gənclik Mall" ticarət mərkəzi və digər gündəlik ehtiyacları qarşılayan məkanlar yerləşdiyi üçün şəhərin mərkəzinə çox getməyə ehtiyac yaranmır. Bəzi hallarda "Gənclik Mall" istiqamətində avtobusdan istifadə edirəm, amma əsasən piyada hərəkət etməyə üstünlük verirəm. Çünki həmin ərazidə həm piyada infrastrukturu, həm də yeraltı keçidlər mövcuddur", - A.Rzayev vurğulayıb.

O əlavə edib ki, ailə üzvləri əsasən 26, 202 və 3 nömrəli avtobus marşrutlarından istifadə edirlər: "26 nömrəli marşrut üzrə avtobus parkının yenilənməsi hələ tam başa çatmayıb, amma bu istiqamətdə işlər davam edir. Mən özüm də bir neçə dəfə 202 nömrəli avtobusdan istifadə etmişəm. İctimai nəqliyyatda bizi tam qane etməyən əsas məsələ sıxlıqdır. Məqsədimiz sıxlıq səviyyəsini təxminən 90 %-dən 70 %-ə endirməkdir. Bu istiqamətdə müəyyən nəticələr əldə olunsa da, hələ görüləsi işlər qalır".

Müəllif: Ucnoqta.az redaksiyası