Ucnoqta.az
www.ucnoqta.az

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

12:03 - 8 May 2026 tarixində dərc olunub.

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Ulu öndərin irsi" adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon MKS-nin 1 nömrəli kitabxana filialı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdə Milli Məclisin deputatları Azər Allahverənov, Vüqar İskəndərov, politoloq Yusif Bağırzadə, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədr müavini Məcid Məmmədov, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Aparıcı tədbiri açıq elan edərək qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Çıxış edənlər bildiriblər ki, müasir və güclü Azərbaycanın qurulmasında müstəsna xidmətlər göstərmiş Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafında həlledici rol oynamış nadir tarixi şəxsiyyətdir. Qeyd ediblər ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər və suverenliyin tam bərpası Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Həmçinin tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi Xəyalə Ağayeva “Heydər Əliyev və Dədə Qorqud dastanı”, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin baş biblioqrafı Afət Məmmədova isə “Mərkəzi Elmi Kitabxanada qorunan Heydər Əliyev irsi” mövzularında məruzələrlə çıxış ediblər.

Bədii hissədə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri musiqi nömrələri və şeirlər səsləndiriblər.

Müəllif: Ucnoqta.az redaksiyası