Ucnoqta.az
www.ucnoqta.az

Bulvarda məşhur kafedə yararsız qida məhsulları aşkarlandı

20:27 - 7 May 2026 tarixində dərc olunub.

Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən “Hayal Kahvesi” MMC-yə məxsus “Hayal Kahvesi” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Bu barədə Ucnoqta.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.

Eyni zamanda, obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.

Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası