“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Bələdiyyə islahatı: ictimai iştirakçılığın təşviqi” adlı layihənin icrasına başlayıb.
Ucnoqta.az xəbər verir ki, layihənin əsas məqsədi Siyəzən, Şabran, Quba, Xaçmaz və Qusar rayonlarında bələdiyyə-vətəndaş münasibətlərində etimadın gücləndirilməsi, şəffaflıq və hesabatlılıq prinsiplərinin təşviqi, vətəndaşların qərar qəbuletmə prosesində fəal iştirakının artırılmasıdır.
Layihə 3 ay müddətində həyata keçiriləcək. Bu müddət ərzində region üzrə təlimlər, maarifləndirici tədbirlər və hüquqi məsləhət xidmətlərinin təşkili nəzərdə tutulur.
Hazırlıq mərhələsində layihə fəaliyyətlərinin planlaşdırılması, tərəfdaşlarla əməkdaşlığın qurulması, iştirakçıların cəlb olunması və təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır.
Qeyd edək ki, layihə çərçivəsində keçiriləcək hər bir tədbir və əldə olunan nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.