“Şəhid atasının yubiley tədbiri”
Vətənini, xalqını sevən, məhz bu məqsədlə yaşayıb-yaradan əsl ziyalı, kamil şəxsiyyət, dosent, filologiya elmləri doktoru, professor, şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov yaxşılıq gözündə ucala-ucala ömrünün 65 ilini yola saldı.
Kamran müəllim ucaldığı müdriklik zirvəsindən geriyə boylananda ötən illərin hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür və bununla ruhən, cismən rahatlıq tapır, qürur duyur, millətin döyünən ürəyi, düşünən beyni olaraq şərəfli həyat yolunu davam edir. Hər gördüyü işdə fədakar ziyalı, xalqını, yurdunu halal bir məhəbbətlə sevən ləyaqətli bir vətəndaş olduğu yaxşı görünür.
Kamran Kazımov Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində boya-başa çatıb. Elə doğma elində- məzunu olduğu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində 65 illik yubileyinə həsr olunmuş “Şərəfli ömür yolu” adlı, uzun müddət yaddaşlardan silinməyən bir tədbir keçirildi.
Tədbirdə əvvəlcə Kamran müəllimin nəvələri- şəhid baş leytenant Vüsal Kazımovun övladları Nuray və Aynur musiqi müəllimi Sevin Əliyevanın pianoda müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxudular və Vətən yolunda özlərini qurban verən zəfər şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, Lənkəran rayonu üzrə Təhsil Sektorunun müdiri Ağamməd Səmədovun, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın, Lənkəran Dövlət Universitetinin və Astara Pedaqoji Kollecinin əməkdaşlarının, məktəb rəhbərlərin, rayon ictimaiyyətinin nümayəndələrin, yubilyarın ailə üzvlərinin, qazi və şəhid ailələrin, eləcə digər qonaqların yer aldıqları tədbirdə Kamran müəllimin 65 illik yubileyini təbrik edərək onun həyat və fəaliyyət yolunun elmə, təhsilə və Vətənə xidmətin parlaq nümunəsi olduğunu bildirən məktəbin direktoru Ramiz Ramazanov daha sonra dedi:
- Nəcib həyat amalı, saf niyyəti xalqın, dövlətin mənafeyi naminə yönələn Kamran müəllimin uzun illər pedaqoji sahədə qazandığı uğurları, yetişdirdiyi kadrları və cəmiyyətə verdiyi töhfələri çox dəyərlidir. Həmçinin şəhid atası kimi göstərdiyi mətanət və iradəsi onun doğma Vətəninə nə qədər ürəkdən bağlı olmasından xəbər verir. Yüksək zəkası, fitrətən xalq adamı olması, zəngin mənəvi aləmi hər kəsə örnəkdir.
Çıxış edərək Kamran müəllimlə bağlı xoş xatirələrini bölüşüb, onun uzun illər davam edən səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr və insanlıq keyfiyyətlərindən söz açan Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov onu da vurğuladı ki, Kamran müəllim yüksək dəyərlərə malik ziyalı və nümunəvi pedaqoq kimi böyük nüfuz sahibidir. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan bu gözəl insana sağlam ömür arzu edirəm.
“Hər bir insanın dəyəri onun öz xalqı üçün gördükləri ilə ölçülür. Kamillik və mənəviyyat zirvəsinə ucalan, böyük həvəslə insanlara səmimi xidmət etmək iç dünyasından, mənəvi aləmindən qaynaqlanan Kamran Kazımovun həyatı buna gözəl nümunədir".
Bu səmimi fikirlər isə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun çıxışından götürülüb.
Çıxış edən digər natiqlər Kamran müəllimin gənclik dövründən elmə və təhsilə böyük maraq göstərdiyini, çalışqan, intizamlı və məsuliyyətli olduğunu, pedaqoji fəaliyyətə başladığı dövrdən etibarən biliyini, bacarığini şagird və tələbələrin təlim-tərbiyəsinə yönəldiyini, uzun illər ərzində yüzlərlə savadlı kadr yetişdirərək gənc nəslin formalaşmasında mühüm rol oynadığını dedilər. Eyni zamanda onun insani keyfiyyətləri – səmimiyyəti, təvazökarlığı, ədalətliliyi və insanlara qayğıkeş münasibəti xüsusi vurğulandı. Çıxışlarda onun ailə dəyərlərinə sadiqliyi, xüsusilə şəhid atası kimi göstərdiyi mətanət və səbir dərin ehtiramla qeyd olundu, həyat yolunun gələcək nəsillər üçün örnək olacağı diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində məktəb şagirdlərinin və Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin ifasında şer, musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılandı və dəfələrlə alqışlandı.
Sonda çıxış edən yubilyar Kamran Kazımov ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və kollektivə təşəkkür etdi. Daha sonra o, keçdiyi həyat yolundan, müəllimlik fəaliyyətindən və bu yolda qazandığı təcrübələrdən söz açdı, təhsilin insan həyatında oynadığı mühüm rolundan danışdı. Ona göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi, eləcə tədbirə qatılan hər kəsə minnətdarlığını bildirməklə onlara möhkəm can sağlığı və uğurlar arzuladı.
Yubiley tədbiri iştirakçılarla birlikdə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü