Ucnoqta.az
www.ucnoqta.az

“myGov” platforması 2,5 milyon istifadəçiyə çatıb

11:12 - 12 Mart 2026 tarixində dərc olunub.

"Hazırda "myGov" platforması vasitəsilə yüzlərlə rəqəmsal xidmət təqdim olunur. Platforma qısa müddət ərzində böyük istifadəçi auditoriyası qazanıb və cəmi bir il ərzində 1,3 milyon yeni istifadəçi platformaya qoşulub. Bu ilin yanvar ayına olan məlumata görə isə ümumi istifadəçi sayı 2,5 milyona çatıb".

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

S. Məmmədov bildirib ki, dövlət xidmətləri artıq "bir sənəd - bir qurum" prinsipi ilə deyil, vətəndaşın həyat hadisələri əsasında qurulur:

"Məsələn, vətəndaşın övladı doğulduqda klinika məlumatları sistemə daxil edir və həmin məlumat avtomatik olaraq Ədliyyə Nazirliyinə ötürülür. Vətəndaş övladına adı elektron qaydada verir, müavinət isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşın seçdiyi karta köçürülür. Növbəti mərhələdə şəxsiyyət vəsiqəsinin alınması prosesi də avtomatik əsasda həyata keçirilir. Beləliklə, vətəndaş heç bir quruma getmədən və sənəd toplamadan bütün prosesi elektron qaydada həll edə bilir".

Nəzərə çatdırıb ki, fəaliyyət planında "yalnız bir dəfə" prinsipi də nəzərdə tutulur ki, bu zaman vətəndaş tələb olunan məlumatı dövlət sisteminə bir dəfə təqdim etdikdən sonra digər dövlət qurumları həmin məlumatı bir-birindən əldə edir və vətəndaşdan əlavə sənəd tələb olunmur:

"Bu, dövlət xidmətlərinin daha sadə və əlçatan olmasına, eyni zamanda istehlakçıların dövlətə münasibətinin daha da müsbət istiqamətdə dəyişməsinə xidmət edir".

Müəllif: Ucnoqta.az redaksiyası