Bu gün Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyevin doğum günüdür.
Ucnoqta.az xəbər verir ki, Hikmət İzzət oğlu Mirzəyev fevralın 29-da Biləsuvar rayonunda doğulub.
O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb.
Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
O, 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir.
Ali Baş Komandanın 17 oktyabrda imzaladığı sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.
2024-cü ildə Prezidentin sərəncamı ilə Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verilib.
O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini məhz Heydər Əliyev təqdim edib.