Son günlər sosial şəbəkələrdə KATV1 internet provayderinin xidmət keyfiyyəti ilə bağlı ciddi narazılıqlar səngimir. Çoxsaylı istifadəçilər ay ərzində internet xidmətində dəfələrlə kəsintilərin baş verdiyini, bəzi hallarda isə bağlantının 5-6 saatdan çox müddətə tamamilə itirildiyini bildirirlər.
Ucnoqta.Az xəbər verir ki, şikayətlərin əsas hissəsi paytaxtın Biləcəri qəsəbəsi ərazisindən daxil olur. Sakinlərin sözlərinə görə, internet əsasən gecə saatlarından kəsilir və yalnız növbəti günün günorta saatlarında bərpa edilir. Bu isə həm onlayn işləyən şəxslər, həm də distant təhsil alan tələbələr üçün ciddi çətinliklər yaradır.
“Texniki problem var, usta işləyir”
Abunəçiləri narazı salan əsas məqamlardan biri də şirkətin məsələyə münasibətidir. Onların iddiasına görə, aylıq ödəniş zamanı bir saatlıq gecikməyə belə güzəşt etməyən provayder, saatlarla davam edən texniki nasazlıqlarla bağlı ətraflı və əsaslandırılmış açıqlama vermir.
Qaynar xəttə müraciət edən vətəndaşlar hər dəfə standart “texniki problem var, usta işləyir” cavabını aldıqlarını, lakin problemin konkret səbəbi və aradan qaldırılma vaxtı barədə məlumat verilmədiyini deyirlər.
Sosial şəbəkələrdə paylaşılan rəylərdə bildirilir ki, bu hal artıq sistematik xarakter alıb və ay ərzində bir neçə dəfə təkrarlanır. İstifadəçilər fasiləsiz və keyfiyyətli xidmət üçün ödəniş etdiklərini, lakin qarşılığında eyni səviyyədə xidmət ala bilmədiklərini vurğulayırlar.
Narazı abunəçilər aidiyyəti dövlət qurumlarını məsələyə müdaxilə etməyə, provayderin fəaliyyətinə nəzarətin gücləndirilməsinə və xidmət keyfiyyətinin artırılmasına çağırırlar.
Qeyd olunur ki, vəziyyət bu şəkildə davam edərsə, kütləvi şəkildə abunəlikdən imtina halları qaçılmaz ola bilər.
Ucnoqta.Az mövzunu diqqətdə saxlayır.
Nərgiz Vəlizadə