Son günlər sosial şəbəkələrdə vətəndaşları hədəf alan yeni kiber-fırıldaqçılıq dalğası yayılıb. Paylaşılan saxta videolarda iddia olunur ki, guya 1932-2017-ci illər arasında doğulan hər kəsə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1000 manat məbləğində ödəniş ediləcək.
Ucnoqta.az xəbər verir ki, qurumun mətbuat katibi Rəşad Mehdili mövzu ilə bağlı vətəndaşlara ciddi xəbərdarlıq edib:
“Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın. Bu, dələduzluq yolu ilə vətəndaşların vəsaitlərini ələ keçirmək məqsədi daşıyır. Yayılan məlumatlar tamamilə yalandır və vətəndaşları tələyə salmaq məqsədi daşıyır”.
Fırıldaq sxemi necə işləyir?
Məlumata görə, proses adətən belə həyata keçirilir:
İstifadəçilər “rəsmi siyahı” ilə tanış olmaq adı altında saxta profil və ya səhifədə yerləşdirilmiş linkə yönləndirilir.
Keçid edilən internet səhifəsində vətəndaşlardan bank kartı məlumatlarını daxil etmək tələb olunur.
Kart məlumatlarını paylaşan şəxslərin vəsaitləri isə qısa müddət ərzində fırıldaqçılar tərəfindən ələ keçirilir.
Bir daha xatırladılır ki, dövlət qurumları tərəfindən həyata keçirilən hər hansı ödəniş və sosial proqramlarla bağlı məlumatlar yalnız rəsmi internet səhifələri və təsdiqlənmiş media resursları vasitəsilə elan olunur.
Vətəndaşlara tövsiyə olunur ki, sosial şəbəkələrdə qarşılarına çıxan şübhəli kampaniyalara inanmasın, bank kartı məlumatlarını üçüncü şəxslərlə paylaşmasın və belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlara məlumat versinlər.
Nərgiz Vəlizadə