Ucnoqta.az
www.ucnoqta.az

Rusiyadan gətirilən bu yağın satışı dayandırıldı - FOTO

16:06 - 19 Fevral 2026 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq, risk əsaslı yanaşma çərçivəsində ölkəyə idxal olunan xam və istehlaka hazır palma yağları və palma yağı tərkibli qarışıq bitki yağları üzrə nəzarət tədbirlərini həyata keçirir. Eyni zamanda ölkəyə xam şəkildə idxal edilən palma yağlarının növbəti istehsal və emal mərhələlərində də nəzarətin təmin edilməsi məqsədilə yerli müəssisələrdə dövlət nəzarəti tədbirlərini icra edir. 

Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır.

Növbəti belə nəzarət tədbiri "Alda" MMC-nin istehsal müəssisəsində keçirilib. “Alda” şirkətinin Rusiya Federasiyasından idxal etdiyi “Пищевые Ингредиенты” istehsalçı müəssisəsinə məxsus “EFKO” əmtəə nişanlı palma yağında laborator müayinə zamanı kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) müəyyən edilib. Həmçinin bu məhsulun şirkət tərəfindən spred yağlarının istehsalında xammal kimi istifadə edildiyi aşkarlanıb. Hazır məhsullardan götürülmüş nümunələrin sınaq nəticəsində də eyni uyğunsuzluqlar müəyyən edilib.

Bununla əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb, məhsul partiyalarının satışının və müəssisədə spred yağlarının istehsalının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Qeyd edək ki, xammal yağının istehsal olunduğu müəssisədən ixracın dayandırılması barədə Rusiya Federasiyasının aidiyyəti qurumuna müraciət olunub.

Müəllif: Ucnoqta.az redaksiyası