Müasir dövrdə süni intellekt texnologiyaları yalnız texniki yenilik deyil, həm də təhsil və elmin məzmununu dəyişdirən əsas amillərdən birinə çevrilib. Qlobal miqyasda dördüncü sənaye inqilabının təsiri ilə formalaşan yeni bilik iqtisadiyyatı şəraitində süni intellekt ölkələrin rəqabət qabiliyyətini artıran strateji resurslardan biri kimi çıxış edir. Azərbaycanda da rəqəmsallaşma siyasətinin gücləndirilməsi fonunda süni intellektin təhsil və elmlə inteqrasiyası ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib.
Bu baxımdan süni intellekt texnologiyalarının təhsil və elmdə tətbiqi insan kapitalının keyfiyyətini artırmaq, elmi tədqiqatların səmərəliliyini yüksəltmək və innovasiya potensialını gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, kadr hazırlığı yalnız ali təhsil müəssisələrində məhdudlaşmamalı, orta məktəblərdən başlayaraq mərhələli və sistemli yanaşmanı əhatə etməlidir. Əsas məqsəd Azərbaycanda təhsil və elmin süni intellekt texnologiyalarına inteqrasiyasını təmin etmək, kadr hazırlığını gələcək inkişaf perspektivlərinə uyğunlaşdırmaqdır.
Azərbaycanın ali təhsil müəssisələrində süni intellekt ixtisaslarının genişləndirilməsi və dövlət xətti ilə xaricə göndərilən tələbələrin bu sahədə peşəkarlığının artırılması strateji əhəmiyyət daşıyır. Bu yanaşma yalnız kadr hazırlığını təmin etmir, həm də beynəlxalq bilik və təcrübənin ölkəyə transferinə, elmi və texnoloji innovasiyaların tətbiqinə şərait yaradır.
Orta məktəblərdə isə şagirdlərə ilkin biliklərin verilməsi zərurəti, kadr hazırlığının mərhələli xarakter daşıdığını nümayiş etdirir. Təhsil proqramlarının yenilənməsi və rəqəmsal savadlılığın erkən yaşlardan inkişaf etdirilməsi gələcəkdə peşəkar mütəxəssislərin formalaşmasına mühüm töhfə verəcəkdir.
Adaptiv və fərdiləşdirilmiş tədris platformaları tələbələrin bilik səviyyəsinə uyğun məzmun təqdim etməyə imkan verir. Avtomatlaşdırılmış qiymətləndirmə sistemləri müəllimlərin inzibati yükünü azaldır, öyrənmə nəticələrinin obyektivliyini təmin edir və müəllimlərə elmi-metodiki fəaliyyətə daha çox fokuslanmaq imkanı yaradır. Virtual müəllim köməkçiləri və intellektual tədris sistemləri isə distant və hibrid təhsil modellərinin keyfiyyətini yüksəldir, tələbələrə çevik və effektiv öyrənmə mühiti təqdim edir.
Süni intellekt elmi tədqiqat sahəsində də böyük imkanlar yaradır. Böyük məlumat dəstlərinin emalı və analizi ənənəvi üsullarla çox vaxt və resurs tələb edir. Süni intellekt əsaslı alqoritmlər məlumatların sürətli və dəqiq təhlilinə, tendensiyaların müəyyən edilməsinə və proqnoz modellərinin qurulmasına imkan verir.
Azərbaycanda elmi-tədqiqat institutları və ali təhsil müəssisələri üçün bu yanaşma multidissiplinar tədqiqatların aparılmasını asanlaşdırır, kənd təsərrüfatı, energetika, səhiyyə, sosial elmlər və digər sahələrdə elmi nəticələrin keyfiyyətini yüksəldir. Həmçinin, elmi məqalələrin avtomatik emalı, bibliometrik analiz və tədqiqat trendlərinin müəyyənləşdirilməsi elmi idarəetmənin səmərəliliyini artıran mühüm vasitələrdir.
Süni intellektin tətbiqi bir sıra çağırışlarla da müşayiət olunur. Texnoloji infrastrukturun regionlar üzrə qeyri-bərabər inkişafı, ixtisaslı kadr çatışmazlığı və maliyyə resurslarının məhdudluğu prosesin sürətini azaldan amillərdir. Eyni zamanda, alqoritmik qərəz, məlumat təhlükəsizliyi və etik risklər də nəzərə alınmalıdır. Bu problemlərin həlli üçün dövlət və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yerli şəraitə uyğunlaşdırılması zəruridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə vurğuladığı kimi, süni intellekt üzrə kadr hazırlığı yalnız texniki biliklərin öyrədilməsi ilə məhdudlaşmamalı, təhsil sisteminin bütün pillələrini əhatə edən strateji proses kimi həyata keçirilməlidir. Bu yanaşma həm peşəkar kadr potensialının formalaşmasına, həm də elmi və innovasiya sahələrinin inkişafına xidmət edir. Təhsil proqramlarına süni intellekt və data savadlılığı üzrə modulların daxil edilməsi, elmi tədqiqatlarda süni intellekt əsaslı metodların təşviqi, həmçinin normativ-hüquqi bazanın və etik çərçivələrin təkmilləşdirilməsi zəruri tədbirlər kimi qiymətləndirilir.
Süni intellektin təhsil və elmlə dərin inteqrasiyası Azərbaycanın bilik əsaslı iqtisadiyyata keçidini sürətləndirən və uzunmüddətli inkişaf strategiyasına xidmət edən əsas amildir. Bu proses elmi əsaslar üzərində qurulmalı, ardıcıl dövlət siyasəti ilə dəstəklənməli və təhsil, elmi tədqiqat və kadr hazırlığı sahələrində sistemli addımlar atılmalıdır. Beləliklə, ölkəmiz gələcəkdə süni intellekt sahəsində rəqabət qabiliyyətli insan kapitalına və innovativ potensiala malik olacaqdır.
Fərid Mehdiyev
ADAU-nun “Aqrobiznes, menecment və marketinq” kafedrasının dosenti,
iqtisad elmləri üzrə fəlsəfə doktoru