Ucnoqta.az
www.ucnoqta.az

QHT Agentliyində dövlət qurumları ilə məsləhətləşmələr aparılıb

16:31 - 5 Fevral 2026 tarixində dərc olunub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında 29 dekabr 2025-ci il tarixli Fərmanda verilmiş tapşırıqların icrası davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, bu Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək.

Bununla əlaqədar olaraq, qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda 3 ay müddətində təsdiq olunmalıdır.

Fərmandan irəli gələrək, Nazirlər Kabinetinin 16 yanvar 2026-cı il tarixli Sərəncamı ilə qeyd olunan qaydanın layihəsini hazırlamaq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə həvalə edilib.

Tapşırıqların icrası ilə əlaqədar QHT Agentliyi 2026-cı il yanvarın 26-dan etibarən QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmində iştirak edən dövlət qurumları ilə görüşlərə başlayıb. Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Gənclər Fondu, KOBİA və ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin məsul şəxsləri ilə QHT Agentliyində məsləhətləşmələr aparılıb.

Görüşlər zamanı “bir pəncərə” sistemi ilə bağlı təfərrüatlar müzakirə olunub, mövcud təcrübələr nəzərdən keçirilib. Proses davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası