Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

10:47 - 3 Fevral 2026 tarixində dərc olunub.

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, idarənin struktur bölmə rəhbərləri, rayon təhsil sektorlarının müdirləri, həmçinin ümumi təhsil müəsissələrindəçalışan bir qrup gənc müəllim və əməkdaş iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, daha sonra Vətənimizin müdafiəsi və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Bəhruz Nəbili gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda formalaşmasında təhsil müəssisələrinin xüsusi rolunu vurğulayıb. O, gənc müəllimlərin və təhsil işçilərinin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm missiya daşıdığını qeyd edərək, bütün gənclərə peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Rabil Şahbazov iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edərək, gənclərin bu gün cəmiyyətin bütün sahələrində fəal rol oynadığını diqqətə çatdırıb.

Tədbirin sonunda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan bir qrup fəal gənc müxtəlif nominasiyalar üzrə təltif olunub. Rəsmi hissədən sonra görüş bədii proqramla davam edib və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradılıb.

Müəllif: Ucnoqta.az redaksiyası