Ucnoqta.az
www.ucnoqta.az

Yeni doğulan uşağa ad verilmə qaydaları dəyişir

11:33 - 28 Yanvar 2026 tarixində dərc olunub.

Dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyacaq.

Ucnoqta.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan "Uşaq hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, uşağa ad Ailə Məcəlləsinə uyğun olaraq veriləcək.

Hazırda qüvvədə olan qanuna görə, uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.

Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.

Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Qanun layihəsinə əsasən, yuxarıdakı üç abzasda qeyd edilən müddəalar qanundan çıxarılacaq.

Ailə Məcəlləsinin tələbləri

Məlumat üçün bildirək ki, Ailə Məcəlləsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.

Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.

Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı Ailə Məcəlləsiniə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.

Müəllif: Ucnoqta.az redaksiyası