Ucnoqta.az
www.ucnoqta.az

Ədliyyə orqanlarına qəbulla bağlı açıq müsabiqə elan edilib

12:05 - 19 Yanvar 2026 tarixində dərc olunub.

Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Bu barədə Ucnoqta.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Dövlət icra məmuru vəzifəsi istisna olmaqla, Ədliyyə Nazirliyinin digər struktur qurumlarında olan vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il yanvar ayının 19-dan mart ayının 19-u saat 23:59-dək aparılacaq.

Namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsinə və ya “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət” adlı xidmətə, yaxud linkə daxil olmaqla təqdim edə bilərlər.

Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.

Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

İmtahanda uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Qeyd edək ki, qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, icra məmuru vəzifələrinə qəbulla bağlı ayrıca müsabiqə elan ediləcək və bu barədə mediada məlumat veriləcək.

Əlavə məlumatlar üçün (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

Müəllif: Ucnoqta.az redaksiyası