Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış aparıcı bu icra başçısını tənqid etdi — VİDEO

14:40 - 9 Yanvar 2026 tarixində dərc olunub.

"ARB” televiziyasında yayımlanan "Səni axtarıram” verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısı Məmməd Məmmədovu tənqid edib.

Ucnoqta.az xəbər verir ki, Əməkdar jurnalist Tovuz rayonunun icra başçısına efirdən müraciət edib. Aparıcı ondan cavab ala bilmədiyini vurğulayıb:
"Sizlər o rayonlara rəhbər təyin olunmusunuz ki, orada insanların həyatı ilə maraqlanasınız, onlara dəstək verəsiniz. Xüsusilə də həssas qrupa aid olan insanlara dəstək verəsiniz. Niyə onlar gəlib məndən kömək istəməlidir? Onlar sizdən kömək istəməlidir və siz də öz vəzifə borcunuzu yerinə yetirməlisiniz".

"Gördüyünüz kimi, dünəndən Tovuz rayonunun icra başçısını tapa bilmirəm. Nəinki jurnalisti, ümumiyyətlə hər bir sıradan insanı qəbul etmək icra başçısının və dövlət qurumu rəhbərinin birbaşa borcudur. Çünki cənab Prezident onları insanlarla işləmək üçün təyin edib. Vəzifədə olan hər bir insan bu etimadı doğrultmalıdır” - X. Hidayətqızı əlavə edib.

Həmin videonu təqdim edirik:

Müəllif: Ucnoqta.az redaksiyası