Azərbaycanda 30 iyun 2024-cü ildə dizel yanacağı birdən-birə 25%, yəni, 20 qəpik bahalaşdı, 1 litri 80 qəpikdən 1 manata qaldırıldı. Həmin qərar verərkən hökumət dedi ki, dünya bazarında neft bahalaşıb deyə, belə bir addım atmaq məcburiyyəti yaranıb. 2024-cü ilin iyun ayında dünyada “Brent” markalı neftin ortalama qiyməti 82 dollar idi.
Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. Ekspertin sözlərinə görə, bir neçə gün öncə hökumət yenidən dizel yanacağının qiymətini hər litr üçün 10%, yəni, 10 qəpik qaldırdı:
"Son 1 ayda dünya bazarında “Brent” neftinin ortalama qiyməti 62 dollar olub, yəni, 2024-cü ilin iyun ayına nisbətən indi qiymət 20 dollar, hardasa, 25% daha ucuzdur.
Bir daha – 2024-cü ilin iyununda qiymət artanda hökumət dedi ki, dünyada neft bahalaşıb, başqa yol yoxdur, dizel qiyməti də bahalaşmalıdır, indi isə həmin dövrə görə neft 25% ucuzlaşıb, amma, hökumət dizelin qiymətini 10% yenə bahalaşdırıb.
Dizel yanacağı aqrar sektorda, yük daşımalarda ən vacib xərc maddəsidir, kənd təsərrüfatı mallarının istehsalının maya dəyərində dizel 30-40% (məhsul növündən asılı olaraq) paya malikdir. Yükdaşımaların maya dəyərində isə 20-25% dizelin payına düşür. Sadə sual - əgər dizel bahalaşırsa, o zaman aqrar sektor və yükdaşımalar da bahalaşacaqmı?! Bəli, bahalaşma qaçılmazdır. Yaxşı, ölkədə zatən ərzaq qiymətləri durmadan artır, bunun üzərinə də dizel effekti gələcəksə, daha çox bahalaşacaq axı, elə deyil?! Hökumət inflyasiyanı niyə öz əli ilə sürətləndirir, nədən bahalaşmanı artırır?!"
Natiq Cəfərli qeyd edir ki, dünyanın bir çox ölkələrində aqrar sektorda çalışan fermerlərə dizel güşəştlə satılır:
"Məsələn, qardaş Türkiyədə çivçilər (fermerlər) üçün “mazot” (yəni dizel) dəstəyi 2025-ci ildə belə olub:
Çeltik: 250 TL/dekar
Mısır, Ayçiçeği, Pamuk, Soya, Kanola, Aspir: 109 TL/dekar
Nohut, Mercimek, Fasulye: 75 TL/dekar
Zeytin, Meyve, Sebze, Bağ: 109 TL/dekar
1 dekarlitr = 10 litr, yəni, məsələn, çəltik əkən fermer işlətdiyi hər litr dizelə görə 25 lirə , zeytunla məşğul olanlar hər litrə 10,9 lirə, noxud əkən isə hər litrə görə 7,5 lirə dövlətdən dəstək alıb. Özü də Türkiyənin öz nefti yoxdur, amma, dəstək var..."