Ucnoqta.az
www.ucnoqta.az

Beyləqan məktəblərində tədrisin keyfiyyəti gücləndirilir

16:03 - 17 Dekabr 2025 tarixində dərc olunub.

Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi Beyləqan rayonunun ümumi təhsil müəssisələrinə növbəti səfər edib.

Ucnoqta.az xəbər verir ki, səfər çərçivəsində Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli Beyləqan rayonunda fəaliyyət göstərən Fərman Hacıyev adına 2 nömrəli, Nizami Ağayev adına 6 nömrəli və Yunis Quliyev adına Bünyadlı kənd tam orta ümumtəhsil məktəblərində olublar.

Səfərin məqsədi siniflərdə dərs məşğələlərinin izlənilməsi, müəllimlərin metodik hazırlıq səviyyəsinin qiymətləndirilməsi, şagirdlərin dərsə marağının və fəallığının müşahidə edilməsi, müəllimlərlə birbaşa dialoqların qurulması, tədrisdə qarşılaşılan çətinliklərin müzakirəsi, təklif və iradların dinlənməsi olub.

Təhsil müəssisələrində yaradılmış maddi-texniki baza, sinif otaqlarının vəziyyəti, təlim-tədris üçün formalaşdırılan mühit və şagirdlərin təhlükəsizliyi ilə yaxından tanış olan idarə rəhbərliyi məktəblərdə aparılan işləri yerində qiymətləndirib. Səfər zamanı tədris prosesinin təşkili, müəllim-şagird münasibətləri, dərslərin keyfiyyəti və müasir təlim metodlarının tətbiqi xüsusi diqqət mərkəzində olub.

İdarə müdiri və sektor rəhbəri bir sıra dərs məşğələlərində iştirak edərək müəllimlərin dərs aparma bacarıqlarını, şagirdlərin fəallığını və bilik səviyyəsini müşahidə ediblər. Eyni zamanda məktəb rəhbərləri və pedaqoji kollektivlə görüşlər keçirilib, tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, qarşıda duran vəzifələr və mövcud çətinliklər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı məktəblərin inkişafı, təhsil mühitinin davamlı olaraq yaxşılaşdırılması və şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində tövsiyələr verilib, müəllimlərin təşəbbüsləri dinlənilib.

Müəllif: Ucnoqta.az redaksiyası