Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

12:22 - 2 Dekabr 2025 tarixində dərc olunub.

Bakıda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" işə başlayıb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, əvvəlcə general-leytenantlar Azər Əliyev və Ali Osman Yurdagülün rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant A.Əliyev Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq prinsipi əsasında hərbi sahədə də qurulan əlaqələrin bu gün yüksələn xətlə davam etdiyini bildirib.

General-leytenant A.O.Yurdagül də öz növbəsində səmimi münasibət və göstərilən diqqətə görə minnətdarlığını bildirib və keçirilən qarşılıqlı görüşlərin hər iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyini qeyd edib.
Görüş əsnasında əməkdaşlıq çərçivəsində hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətinə toxunulub.

Azərbaycan və Türkiyə arasındakı hərbi əlaqələrin perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr və fikir mübadilələri aparılıb.
Sonda nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının açılış mərasimi olub, həmçinin alt işçi qrupları arasında iclaslar keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası