Ucnoqta.az
www.ucnoqta.az

Bakıda daha biur tunel tikilir

11:57 - 21 Noyabr 2025 tarixində dərc olunub.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi çərçivəsində daha bir tunel tipli yol ötürücüsünün inşasına start verilib.

Ucnoqta.az xəbər verir ki, tunel layihənin 3.6-cı kilometrində, mövcud dəmir yolu xəttinin altından keçməklə inşa olunur. Tunel tipli yol ötürücüsünün ümumi uzunluğu 620.6 metrdir. Bunun 36.6 metri qapalı, 584 metri isə açıq hissədən ibarətdir.

Hazırda obyekt üzrə dayaqların qazılması və betonlanması, həmçinin svayların quraşdırılması işləri həyata keçirilir.

Xatırladaq ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəyə uyğun, 6 hərəkət zolaqlı şəkildə tikilir. Layihə çərçivəsində 9 yol qovşağının, 13 yol ötürücüsünün, 1 kanal körpüsünün, həmçinin 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün inşası nəzərdə tutulub.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə icra edilir. İş qrafikinə uyğun şəkildə layihənin vaxtında tamamlanması üçün əraziyə lazımi texnika və işçi qüvvəsi cəlb olunub.

Yeni avtomobil yolunun istifadəyə verilməsi Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi, eləcə də Bakı–Şamaxı–Yevlax yolu vasitəsilə ölkənin qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsi qurmasına imkan yaradacaq.

Müəllif: Ucnoqta.az redaksiyası