Vergi Məcəlləsinə gələn ildən “ƏDV geri al” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib:
"Yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV geri al” üzrə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur. Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV gerial” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər.
Yeni qaydalarda məqsəd qeydolunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır. Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlakçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakteri daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək".