Ucnoqta.az
www.ucnoqta.az

TRIPP digər MDB ölkələri ilə də əlaqələr qurmağı hədəfləyir - Qriqoryan

20:26 - 5 Noyabr 2025 tarixində dərc olunub.

"TRIPP layihəsi təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də digər MDB ölkələri ilə əlaqələr qurmağı hədəfləyir".

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada keçirilən MDB Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasında çıxışında bildirib.

"Vaşinqton Sazişi nəticəsində Cənubi Qafqazda sülh bərqərar olub və biz hazırda Azərbaycanla sülhün institutlaşdırılması üzərində işləyirik. Bu institutlaşmanın bir komponenti hər iki ölkə tərəfindən Sülh Müqaviləsinin imzalanması və təsdiqlənməsidir.

Digər vacib komponent isə regionda iqtisadi qarşılıqlı asılılıq yaradacaq və öz növbəsində sülhün möhkəmlənməsinə töhfə verəcək kommunikasiyaların açılmasıdır.

Bu gün Cənubi Qafqaz tədricən hərbi münaqişələrin ağır mirasından azad olduqca və maraqların toqquşması məntiqindən əməkdaşlıq məntiqinə keçdikcə, dinc və davamlı inkişaf üçün yeni üfüqlər açılır", - Təhlükəsizlik Şurasının katibi çıxışında bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası