Ucnoqta.az
www.ucnoqta.az

Mahir Emreli komandadakı xoşagəlməz hərəkətlərdən DANIŞDI

08:06 - 14 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Kayzerslautern" klubunda ona qarşı olunan bəzi hərəkətlərin xoşagəlməz olduğunu bildirib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu hücumçu özü DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, II Bundesliqa təmsilçisində heyətə düşə bilməməsindən danışıb:

"Almaniyaya döndüyümdə "Kayzerslautern" klubunun idman direktoru və prezidenti iclas keçirəcəklərinə söz veriblər. Heyətə düşə bilməməyimin səbəbini yəqin ki, orda öyrənəcəyəm. Klub daxilində bəzi proseslər baş verdi ki, bu mənim xoşuma gəlmədi. Bəzi məlumatlar dolaşırdı ki, guya komanda daxilində mənim aram kimləsə pisləşib. Lakin bu, yalan söhbətdir. Həqiqətən heç bir səhvim olmayıb. Almaniyaya qayıtdıqdan sonra məsələnin səbəbini araşdıracağıq. Mənə qarşı olunan bəzi hərəkətlər Almaniyanın futbol mentalitetinə yaraşmır".

M.Emreli Ukraynaya məğlub olduqları qarşılaşmanı şərh edib:

"Düşünmürəm ki, baş məşqçimiz Ayxan Abbasov tənqidlərə görə məni start heyətində meydana buraxmasın. Fransa ilə matçda daha təcrübəli futbolçuya ehtiyac olduğu üçün əsas heyətdə meydana çıxmışdım. O matçda hər bir futbolçu əlindən gələni etdi. Həmin qarşılaşma ilə bağlı insanların narazı olduqları məqamları anlaya bilmirəm. Düşünürəm ki, məsələyə pozitiv yanaşmalıyıq. Çünki Fransa seçməsinə ilk 45 dəqiqə ərzində real qol fürsəti yaratmağa imkan verməmişdik. Görüşün gedişində inanmağa başlamışdıq ki, bəlkə Fransadan xal almaq olar. Təbii ki, rəqibin heyətindəki səviyyəli futbolçular sonradan öz sözlərini dedilər. Ukrayna ilə keçirdiyimiz hər iki görüşdə rəqibdən heç də zəif çıxış etmədik".

Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə bitib.

Müəllif: Ucnoqta.az redaksiyası