Ucnoqta.az
www.ucnoqta.az

Özbəkistan Futbol Federasiyası Kannavaro ilə danışıqlar aparır

13:37 - 4 Oktyabr 2025 tarixində dərc olunub.

Özbəkistan Futbol Federasiyası (UFA) milli komanda ilə bağlı italiyalı Fabio Kannavaro ilə danışıqlar aparır.

Ucnoqta.az xəbər verir ki, bu barədə UFA-nın Telegram kanalında məlumat verilib.

Futbol insayderi Fabrizio Romano oktyabrın 2-də dünya çempionu və 2006-cı ilin “Qızıl top”un sahibinin Özbəkistan millisi ilə şifahi razılığa gəldiyini bildirib.

“Yığmaya beynəlxalq təcrübəyə və dünya çempionatı təcrübəsinə malik mütəxəssislərin cəlb olunması istiqamətində iş aparılır. Xüsusilə, UFA rəhbərliyi yaxın keçmişin ən parlaq ulduzlarından biri, dünya çempionatının qalibi və tanınmış italyan məşqçi Fabio Kannavaro ilə danışıqlar aparır”, - deyə məlumatda bildirilir.

İyun ayında Özbəkistan millisi ilk dəfə olaraq ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Komandanın hazırkı baş məşqçisi Timur Kapadzedir.

Müəllif: Ucnoqta.az redaksiyası