Ucnoqta.az
www.ucnoqta.az

Ətin qiyməti bahalaşacaq - Ekspert

15:09 - 5 Sentyabr 2025 tarixində dərc olunub.

İri və xırdabuynuzlu heyvanların sayının azalması, təbii otlaq sahələrinin məhdudlaşması, texnologiyaya yeni nəsilin urbanizasiyaya üstünlük verməsi və heyvan yemi xərclərinin artması bu sahəyə təsir edən əsas amillərdir.

Ucnoqta.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirib ki, əsas məsələ təbii otlaq sahələrinin azalmasıdır. Bunun iki əsas səbəbi var: əkinçilik və bitkiçilik məqsədilə ərazilərin hasarlanması, həmçinin təbii otlaq sahələrində torpağın şoranlaşması.

Kərimli həmçinin vurğulayıb ki, bu sahə ilə məşğul olan şəxslərin sayı da azalıb. Yeni nəsil urbanizasiyaya daha çox meyillidir, şəhərlərə və xarici ölkələrə köçməyə üstünlük verir. Təbii otlaq sahələrinin azalması quru otlaq bağlamalarına tələbatı artırır, bu isə bağlamaların qiymətini yüksəldir.

Bundan əlavə, intensiv heyvan yemi pandemiyadan əvvəl bahalaşıb, həm özü, həm də daşınması xərclidir. Nəticədə heyvandarlığın xərcləri fərdi ev təsərrüfatları üçün dözülməz vəziyyətə gəlib və ətin idxalını stimullaşdırır.

Kərimli qeyd edib ki, insanların gəlirlərinin artması ilə kəsilən ətin həcmi də yüksəlib. Son 10 ilin statistikası göstərir ki, orta hesabla ət kəsimi 20-25% artıb, bu da qiymətlərə birbaşa təsir edir.

Ekspert iri və xıdabuynuzlu heyvanlarının sayının azalmasının yaxın, orta müddətdə ətin qiymətinin bahalaşacağına gətirib çıxaracağını qeyd edib.

İqtisadçı ümid edir ki, Şərqi Zəngəzur və Qarabağın iqtisadi dövriyəyə qayıtması heyvandarlığın inkişafına müsbət təsir göstərəcək. Boş sahələrin çoxluğu kənd təsərrüfatının genişlənməsinə imkan verəcək. Bununla da iri və xırdabuynuzlu heyvanların sayında artım müşahidə edilə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası