Ucnoqta.az
www.ucnoqta.az

Bayram günlərində təcili tibbi yardıma 10 mindən çox müraciət daxil olub

11:40 - 15 Aprel 2024 tarixində dərc olunub.

Bayram günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Təcili tibbi yardım xidmətinə 10-14 aprel tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib. Çağırışların sayı ən çox aprelin 10-u (ümumi çağırış sayı 2 154, hospital olunanların sayı 244 olmaqla) və 14-də (çağırış sayı 2 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.

Müəllif: Ucnoqta.az redaksiyası