Ucnoqta.az
www.ucnoqta.az

Şəhidlərin arzusu

18:57 - 29 Noyabr 2020 tarixində dərc olunub.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Şəhid olan əsgərlərimizin əziz xatirəsinə

Sonu görünməyən bu ayrılığın,
O həsrət yükünü mən necə atım?
Sinəmə çəkilən bu ağır dağın,
Ağrısı sinəmdə mən necə yatım?

Atını dörd nala çaparkən kədər,
Narahat ruhumu boğarkən qəhər,
Gözümdə kül olsa aydın bir səhər,
Yuxuma şirinlik de necə qatım?

Bu torpaq alnımdan sildi tərimi,
Müqəddəs qoynunda saldı yerimi,
Çiçəklər bağrına basdı qəbrimi,
Təzədən gül açsın ömrüm, həyatım.

Düşmən tapdağına dönməsin vətən,
Gəlinlər saçına düşməsin bir dən,
Quş tək qanad açsın könül nəğmədən,
Qalmasın gözümdə arzu-muradım.

Gün gələr diz çökər qarşımda yağı,
Daha da gur yanar haqqın çırağı,
Çəkilər yurdumdan düşmən ayağı,
Bunu unutmasın qoy dostum, yadım.

Abbasəli Xankişiyev

Müəllif: