Ucnoqta.az
www.ucnoqta.az

“İrəli” əməkdaşları da İctimai nəzarət qruplarında yer alır

20:55 - 4 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi davam edir.

İctimai nəzarət qruplarında fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri sırasında “İrəli” İctimai Birliyinin Baş Katibi Fatimə Məsimli və Birliyin İnsan Resursları üzrə katibi İlqar Axundov da yer alır. Layihə çərçivəsində  Bakıda və 15 rayonda ictimaiyyət arasında maarifləndirmə işləri aparılır.

İctimai nəzarət qruplarının fəaliyyət istiqamətində müəyyən dəyişikliklər edilib. Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına dəstək olaraq yaradılan və mərhələli şəkildə fəaliyyət göstərən bu qrupların fəaliyyəti daha çox pandemiya ilə qurulmuşdu. Əvvəldən də qruplar pandemiya ilə bağlı müəyyənləşdirilən qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılmasında aktivlik göstərirdilər.

Hazırkı müharibə vəziyyəti ilə əlaqədar ictimai nəzarət qruplarının fəaliyyət istiqamətində müvafiq dəyişikliklər olunub.

Azərbaycanın erməni təxribatlarına cavab olaraq başlatdığı əks-hücum əməliyyatlarından sonra işğalçı ölkənin ölkəmizə qarşı təxribatları daha geniş miqyas aldı. Düşmən ordunun yaşayış məntəqələrini, mülki əhalinin hədəf aldığı və ölkəmizdə qismən səfərbərliyin elan olunduğu bir vaxtda ən böyük problemlərdən biri yayılan dezinformasiyaların qarşısının alınmasıdır. Hazırda döyüş bölgəsində ordumuzun apardığı uğurlu əməliyyatlarla bağlı foto və videoların yayılması arzuolunan deyil. Bu kimi halların yaratdığı təhlükələr olduqca aktualdır. Bu səbəbdən ictimai nəzarət qrupları cəmiyyətimizdə təkcə koronavirusdan qorunma üsulları deyil, eyni zamanda, vətənpərvərlik, dezinformasiyanın və düşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərin yayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirmə tədbirləri həyata keçirir.

Qeyd edək ki, ictimai nəzarət qrupları tərəfindən insanlar arasında ruh yüksəkliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikasının rəsmi atributu olan dövlət bayraqları təqdim olunur.
İctimai nəzarət qrupları regionlarda da fəaliyyət göstərir.

Müəllif: